Aparıcı Elgiz Əkbər Türkiyədə seriallara çəkilən aktrisalarımızı tənqid edib.
Musavat.com xəbər verir ki, aparıcı qardaş ölkənin film sektorunda azərbaycanlı aktrisaların alçaldırıldığını iddia edib: “Yenə bizi aşağılamağa başlayıblar? Ya süpürgəçi, ya cibgir, ya da ölkəsinə getməmək üçün göz yaşları tökən qızcığaz. Bir zamanlar birlikdə çalışdığım xəbər aparıcısını bu yaxınlarda ev qulluqçusu rolunda gördüm.
Məncə, bizimkilərin belə obrazlara çəkilməkdənsə, çəkilməməkləri yaxşıdır. Araşdırmaq lazımdır ki, niyə türk rejissorları bizim aktrisaları normal obrazlarda görmürlər. Türk xalqının gözündə azərbaycanlıların ümumiləşdirilmiş obrazı çox acınacaqlıdır.
Bu yaxınlarda Huysuz Vircin kimi tanınan aktyor İbrahim Tatlısəsə verilişlərdən birində zarafat edirmiş kimi, dedi: “Sən bu geyimin, halın ilə özünə türk demə, de ki, azəriyəm”. Bu qədər də yox…
Araşdırmaq lazımdır ki, bir azərbaycanlının bu formada gündəmə gətirilmə səbəbləri nədən qaynaqlanır. Əslində 2 il İstanbulda yaşadığım üçün müəyyən qədər bilgilərə sahibəm. Yenə də digər səbəbləri öyrənsəm, pis olmazdı”.
Qeyd edək ki, “Kanal 7”-də yayımlanan “Yemin” serialında aktrisa Yağmur Şahbazova rol almağa başlayıb. Narin adlı azərbaycanlı obrazını canlandıran aktrisa ekran işində “Məni deportasiya etməyin. Azərbaycana qayıtmaq istəmirəm” sözlərini deyib.