İnsanın insani dəyərləri onun mərhəməti, sədaqəti, darda qalana əl tutması, yıxılanın qolundan tutması və. s kimi fəzilətlərlə ölçülür. Saydığımız gözəl insani keyfiyyətlər yaşadığımız dünyada arxaik sözlərin siyahısına daxil olsa da vəzifə borcu deyilən məmur məsuliyyəti mütləq olmalıdır. Məmursa məsuliyyətini unudub şəxsi maraqlarına xidmət edən işlərlə məşğul olduqda insanların həyatının dəyəri bir ovuc qum kimi sularda məhv olub gedir. Düşünürük ki, siz oxucularımız söhbətin vəzifəsinə laiq olmayan məmurların özbaşınalığından getdiyini başa düşdünüz. Elə isə bu dəfə kimlərin canını yandırıb, haqlarını yedilər? “DogruXeber.az” informasiya agentliyi olaraq gəlin birgə öyrənək.
05 avqust 2019-cu il tarixində küləkli gündə 20 yaşlı gənc, gözəl qız Simarə Qəmbərli gəzməyə çıxır. Qız xoşbəxt bir şəkildə şəhərin ən gözəl parkı hesab edilən Flarmoniya parkından keçdiyi vaxt, güclü əsən külək qoca, çürümüş ağacın budağını sındırır. Sınmış ağac Simarənin başına düşüb, onu başından bərk yaralayır. Qan içərisində yerə yıxılan qızcığaza təcili köməklik göstərilməsi üçün Təcili Yardım xidməti ilə əlaqə saxlanılsa da təəssüf ki, həkim 30 dəqiqədən sonra hadisə yerinə gəlib çıxa bilir. Yerdə qaldığı 30 dəqiqə içərisində gənc qız huşsuz vəziyyətdə xeyli qan itirir. Nəhayət Simarə Qəmbərli Semaşko adına 1 saylı Kliniki Xəstəxanaya çatdırılır. S.Qəmbərli xəstəxanada olduqca kobud qarşılanır. Həkimlər xəstənin yaxınları xəstəxanaya gəlməyənə qədər ona tibbi müdaxilə etmirlər. Redaksiyamızda olan Simarənin anası Pərvin xanımın söylədiyinə əsasən, qızının atası xəstəxanaya gəldikdən sonra həkimlər ondan xeyli miqdarda pul tələb ediblər və bundan sonra xəstə əməliyyata alınıb. Ata isə öz növbəsində bildirir ki, qızı heç bir diaqnostik aparatlardan keçirilmədən başından xəstəyə qapalı kəllə beyin travması, baş beyin silkələnməsi diaqnozu qoyulur və başına 11 tikiş atıldıqdan sonra ağır vəziyyətdə olan xəstə ambulator müalicəyə yazılır. Simarə evə gəldikdən sonra vəziyyəti kəskin şəkildə ağırlaşır. Xəstə yenidən Semaşko adına xəstəxanaya çatdırılır və 9 gün xəstəxana şəraitində müalicə alır. Buradan maraqlı sual yaranır. Simarənin belə ağır diaqnozuna möhür vuran xəstəxananın Baş Həkimi Ədalət Dadaşovun və ya müalicə həkimi Zeynalovun görəsən hansı maraqları vardır ki. xəstənin xəstəlik tarixçəsində təbii fəlakət nəticəsində xəsarət alması qeyd olunmayıb? Digər tərəfdən, hadisə barədə hüquq-mühafizə orqanlarına xəstəxana tərəfindən məlumat verilməməsinə hansı maraqlar mane olub? Bəzən əhalinin bu xəstəxana haqqında “ xəstəxana deyil eee qəssabxanadır” demələri bu yerdə yerinə düşür.
Uşaqkən bərk yıxılıb, başımı yaralamışdım. Qonşumuzda qoca, adını belə yaza bilməyən bir nənə var idi. O mənim tərpənməmə izin vermədən qaranlıq, səssiz otaqda iki gün saxlanılmağımı israrla təkid etdi. Həkimin evə gətirilməsini söylədi. Nəhayət iki gündən sonra bildirdi ki, uşaqda beyin silkələnməsi əlaməti yoxdur. Xəstəxanaya aparmaq olar. Düşünəcəksiniz bu hadisənin məqalə ilə nə əlaqəsi. Əlaqəsi ondan ibarətdir ki, illər öncə qoca, savadsız bir qadın başından travma almış bir xəstənin hərəkət etdirilməməsini, sakit, səssiz şəraitdə saxlanılmasını bildiyi halda, müasir dövrdə həkim adını daşıyan həkimlər bilmir yəqin ki. Bilmiş olsaydılar gənc qızın həyatı ilə oynamaq onlar üçün bu qədər əyləncəli olmazdı. Digər bir tərəfdənsə, həkim kimi xəstənin harada, hansı səbəblə yaralanmasını hüquq-mühafizə orqanlarına çatdırmağa borclu idi. Biz də nəyi qoyub, nə axtarırıq. Məgər Semaşko adına xəstəxananın həkimləri öz həkimlik peşələrinin öhdəsindən laiqincə gələ bildilər mi ki, digər hüquqi işləri də yerinə yetirə bilsin?
Simarə Qəmbərlinin xəsarət almasında cavabdeh olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Bakı şəhər Yaşıllaşdırma İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti də bu işdə az günahın sahibi deyildirlər. Bu gün istər Bakı şəhərində, istərsə də respublikanın müxtəlif guşələrində yaşıllıqlar məhv edilir. Ekologiya və Təbii Sərvətlər nazirliyi isə bu halları gözəl bilir və bilərəkdən də şərait yaradır. (İsmayıllı rayonunda yerləşən Urşan meşələri kimi). Bakı şəhərində isə guya təbiəti, yaşıllığı qoruyurlarmış kimi imic sərgiləməklə gözdən pərdə asmağa çalışırlar. Təbii ki, biz də yaşıl ağacların doğranmasının qəti əlehinəyik. Lakin təhlükənin qarşısı vaxtında alınmazsa fəsadlarının ağır olacağı qaçılmazdır.
Simarə gənc qızdır. Yaşının bu çağında ciddi xəsarət aldı və xəstəliyinin irəlidə nələrə səbəb olacağı da məlum deyil. Ailə övladının taleyi ilə bağlı həm maddi, həm də mənəvi sıxıntılar yaşayır. Simarə özü başına gələnlərlə bağlı 13. 08. 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər nazirliyinə müraciət edib. Nazirlik isə vətəndaşın ərizəsini nə görür, nə də duyur. Müraciətdən bir ay ötməsinə baxmayaraq, vətəndaşın müraciəti cavabsız qalıb. Simarənin anası Pərvin Qəmbərli redaksiyamızda olduğu zaman övladının halına biganə qalan məmurların yarıtmaz fəaliyyətindən olduqca narazı qaldığını dönə-dönə vurğuladı. Biz mətbuat orqanı olaraq, ananın haqlı narazılığına nə maddi, nə də rəsmi köməklik etmək iqtidarında olmasaq da gənc qızın həyatı üzərindən “qumar oynayan” məmurların əməllərini gündəmdə saxlamağa gücümüz yetər. Bu yerdə bir fikir ağlımıza gəldi. Görəsən, Simarənin yerinə hansısa bir məmurun özü, ailəsi, övladı, yaxını belə bir hal ilə qarşılaşsaydı, cavabdeh olan tərəfə qarşı hansı “cəbhə”ni açardı?
Qarşı tərəfin mövqeyini dinləyib, dərc etməyə hazırıq:
“DogruXeber az.”