Rusiyada qətl törədən azərbaycanlı 9 il 6 ay azadlıqdan məhrum edilib

Rusiyada qətl törədən Azərbaycan vətəndaşı 9 il 6 ay azadlıqdan məhrum edilib.

APA-nın “ural56.ru” saytına istinadən verdiyi məlumata görə, qətl bu ilin aprelində Orsk şəhərinin Çerniqovsk küçəsində törədilib.

Cinayət işinə Oktyabr rayon Məhkəməsində baxılıb. Azərbaycan vətəndaşı qadın qohumlarına qarşı təhqiramiz davranış sərgiləyən şəxsdən qisas almaq üçün 30 min rubla tapança alıb və tapançadan 4 dəfə atəş açmaqla həmin şəxsi qətlə yetirib. Məhkəmə hadisənin baş vermə şəraitini, Azərbaycan vətəndaşının günahını etiraf etməsini, istintaqa aktiv kömək etməsini, himayəsində azyaşlı uşaq olmasını nəzərə alıb. Azərbaycan vətəndaşı 9 il 6 ay azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli islah koloniyasında çəkəcək.