Allah-Tala yaratdıqları içərisində Adəm övladını o qədər çox sevdi ki, bütün yaratdıqlarını ona xidmət etsin deyə yaratmağa qərar verdi. Adəm övladı isə Yaradanın bu sonsuz lütfünə qarşı şükür-sənalar yerinə, nankorluqlar etməkdə şeytanla əlbir oldu. Nəfsi o qədər güclü oldu ki, bütün mənəvi gözəlliklərin önünə keçdi və insanın içindən yıxmaq, dağıtmaq, parçalamaq, məhv etmək kimi iyrənc xislətlər önə çıxdı.
Biz “DogruXeber.az” İnformasiya Agentliyi olaraq, belə çirkin xislətlərin biri ilə yenidən yaddaşınızı təzələmək istəyirik. Yaddaşınızı təzələmək deyə vurğulamağımız heç də səbəbsiz deyil.
Bir neçə vaxt öncə saytımızın səhifələrində İsmayıllı rayonunda yerləşən Ruşan meşələrinin məhv edilməsi ilə bağlı video-sujetimiz yayımlanmışdı. Sujetin yayımlanmasından sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyi guya günahkarları cəzalandırmaq məqsədi ilə rayonda gözdən pərdə asan yoxlamalar keçirtdi. Hətta tərəfimizdən şəxsin fiziki təhlükəsizliyinin təmin olunması məqsədi ilə adı anonim saxlanılmaq şərtilə meşənin hansı istiqamətdə məhv edilməsini göstərən şahidin onlara bələdçilik edəcəyi təklifimiz belə oldu. Bununla bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xüsusi İdarəsinin məsul işçisi Ceyhun Axundovla redaksiyamız arasında rəsmi razılaşma oldu. Nazirlik 10.05.2019-cu il tarixli, 5/Ə-344-15 saylı məktubu ilə şəxsin kimliyinin anonim saxlanılacağını təsdiqləyərək məktubu ünvanımıza göndərdi. Göründüyü kimi biz də vədimizə əməl edib, şəxsi onlarla tanış etdik. Təqdim etdiyimiz şəxs nazirliyin İsmayıllı rayon Regional İdarəsinin məsul şəxsi Nəriman adlı şəxs və digər işçilərlə birlikdə məhv edilən Ruşan meşəsinin ərazisində olurlar. Meşəbəyi Ələddin Xıdırov guya idarənin xəbəri olmadan meşə ərazisinin məhv edilməsi halına göz yumub və işində yol verdiyi nöqsana görə şəxsinə tənbeh növü olan cərimə tətbiq olunub.
Bu yerdə digər bir maraqlı hal ilə də qarşı-qarşıya gəldik. Yoxlama Ruşan meşəsinin ərazisində aparıldığı halda nədənsə nazirliyin təqdim etdiyi məktubda Qalıncaq meşəsinin adı vurğulanır. Düşünürük ki, bu hal özü-özlüyündə böyük bir sual işarəsini ortaya qoyur. Nazirliyin özünün təşkil etdiyi tamaşa xarakterli yoxlama başa çatdıqdan sonra Nəriman adlı şəxs meşəbəyi Əlləddin Xıdırova meşənin qırılmasını bizə və yoxlama nümayəndələrinə təqdim edən şəxsin kimliyini açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İsmayıllı rayon Regional İdarəsinin əməkdaşı Nəriman etdiyi bu hərəkəti ilə redaksiya ilə nazirlik arasında olan rəsmi razılaşmanı pozmuş və eləcə də vətəndaşın anonimliyini açmaqla həyatı üçün təhlükəyə səbəb olmuşdur. Kimliyini gizli saxladığımız şəxs ona qarşı olan bu davranışdan olduqca narahat olmuş və hətta onları da bildirdi ki, nazirliyin hüquqşünası meşəbəyiyə anonim şəxsi məhkəməyə verməyi belə təklif edib.
Bu yerdə bir haşiyə çıxmaq istərdik. Nazirliyin hüquqşünası dövlət qulluğuna qəbul imtahanlarından keçən zaman, görünür, dövlət qulluqçusunun borclu olduğu əsas fakt hesab edilən “peşə sirrini yaymamaq” sualından iki qiymət alıb. Əks halda redaksiya ilə nazirlik arasındakı yuxarıda qeyd etdiyimiz məktubun şərtlərini bilməyə borclu olduğu halda, boşboğazlıq etməzdi. Belə olan halda redaksiyanın nazirliyi məsuliyyətə cəlb etmək hüququnun olduğunu bilmir yəqin ki.
Elə isə xatırlatmağımız yerinə düşər. “DogruXeber.az” İnformasiya Agentliyi mövcud olduğu gündən bu günə kimi dövlətin mənafeyini müdafiə edib, xalqın mövqeyini önə çəkib. Bu gün vətəndaş məmurların özbaşınalığından, biganəliyindən redaksiyaya pənah gətirirsə və redaksiya onların haqq səsini ölkə prezidentinə çatdırırsa yolunuzda dayanan böyük əngəldir sizlərə. Əks halda vətəndaşın anonimliyinin qorunması ilə bağlı rəsmi məktubun şərtlərini kobud şəkildə pozub, bizim şərəf və ləyaqətimizə kölgə salmağa çalışmazdınız.
Təkrar olaraq qeyd etmək istəyirik ki, şərəf və ləyaqətimizə qarşı yönələn qərəzli mövqeyinə görə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyinin hərəkət və hərəkətsizliyi ilə bağlı mülki qaydada məhkəməyə cəlb edə biləcəyimizə yəqin hesaba qatmağı ağıllarına gətirmədilər.
Nazirlik öz sözünü yerinə yetirə bilməsə də, işinin öhdəsindən bərbad gəlsə də, “Dəyirman öz işində, çax-çax baş ağrıdır” atalar kəlamını bütün əməkdaşlarına əzbərlədib. Əməkdaşlar da əzbərlərini unutmasınlar deyə guya aparılan yoxlama başa çatar-çatmaz yenə də əməllərini davam etdirməyə başlayıblar. Yenə bizim təkrar sujetimiz yayımlandı. Bu dəfə də nazirlik yoxlama apardı. Amma necə apardı bir baxaq.
Sujetdə meşənin yogun diametrli cavan ağacların doğranmasını əks etdirən görüntüləri olan istiqamətin tam əksini yoxlama nümayəndələrinə təqdim edən meşəbəyi öz düşüncəsinə görə bizi yalançı çıxartmağa çalışır. Təqdim etdiyimiz kadrların meşəbəyinin göstərdiyi ərazidə öz əksini tapmaması nazirlik əməkdaşlarının da ürəyincə oldu..
Redaksiyamıza müraciət edən Ağsu rayon sakini Məmmədov Oqtay Şamaxı-Şirvan ərazisində meşələrin ucdantutma qırılması ilə bağlı dəfələrlə nazirliyin özünə məktublar ünvanlamışdır. Nazirlik vətəndaşın məktublarını bürmələyib zibil qablarına atmaqla başından edib. Vəziyyətin belə şəkil almasına vətəndaş vicdanı yol verməyən Oqtay Məmmədov redaksiyamıza müraciət etdi. Söylədiyi faktlar olduqca acınacaqlı və ürəkağrıdan idi. Meşə bir qrup “irilər” və ya oliqarxlıq arzusunda olanlar tərəfindən zəbt edilib, şəxsi təsərrüfata çevrilib. Kimisi nar bağları salıb, kimisi qarpız-yemiş bostanı salıb, kimisi də taxıl zəmiləri əkdirib. Bir səlahiyyət sahibi də gəlib, “gözün üstə qaşın var” belə söyləmir. Bəs belə vəziyyətin bəhanəsi nədir cənab Muxtar Babayev?
Həqiqətin nə olduğunu siz də, biz də gözəl bilirik. Aramızdakı fərq isə ondan ibarətdir ki, biz şəxsi maraqlarımızın xatirinə vəzifəmizi, insanlığımızı qurban vermirik. Sizlər isə xalqın malı, sərvəti sayəsində “qaz vurub, qazan doldurmaq” işinin mahir ustalarısınız. Elə buna görə də yalnız vəzifənizi deyil, insanı belə satmaqdan çəkinmədiniz.
Son olaraq isə həm sizə, həm də oxucularımıza onu bildirmək istəyirik ki, tək İsmayıllının Ruşan meşəsi deyil, bütün meşələr gələcək övladlarınızın ağ ciyərləridir. Onların havasız qalmasına göz yummayın.
Qarşı tərəfin mövqeyini dinləyib, dərc etməyə hazırıq.