Biri var idi, biri yox idi. Səksənlərin axırı, doxsanların əvvəllərində yarımçıq qalmış, dəfələrlə işğal olunmasına, fəcaiələr yaşamasına rəğmən bir cümhuriyyət var idi Qafqazlarda, Azərbaycan adlı. O, SSRİ adlı nəhənglə pəncələşirdi. İnsanları mehriban, sülhsevər, zəhmətkeş, olsa da müstəqillik arzulayırdı özünə. Yəni ki, bircə iddiası var idi, onun olan hər şey, bütün sərvəti onda qalsın. Kimsə oğurlamasın, əlindən qamarlayıb almasın. Aparıb öz dövlətində dünyanın ən böyük mükafatını təsis eləməsin bu sərvətlə.
Bakı neftinin gəlirləri ilə təsis edilən, illərdir tükənmək bilməyən “Nobel” mükafatını deyirəm. Allahın rusu, ingilisi, fransızı, almanı həmişə bu xalqdan sahib olduğunu zorla, terrorla, represiya ilə sovurub özünə piar işi qurub beləcə. O üzdən bu xalq istəyirdi kimsə onun adından danışmasın, kimsə onun pulu ilə iş görməsin. Dünyadan haqqını istəsin o da. Bu iddialarına görə, son iyirmi yeddi ildə ona iyirmi yanvar faciəsi yaşatdılar.
Xocalıda soyqırıma məruz qoydular. Ərazisinin iyirmi faizi işğal edildi, ən yaxın bildiyi, nankor ermənilər tərəfindən. İnsanları əsir, girov, qaçqın, məcburi köçkün oldu. Hər şəhərində şəhid məzarlığı salındı Azərbaycanın. Haramı düzündə çadırda yaşayanı, ilan-çiyana ev ortağı oldu neçəsi o qaçqın və məcburi köçkünlərin. Amma azad olmaq eşqindən, sevdasından, müstəqil Azərbaycandan vaz keçmədi o xalq. Uşaqlı-böyüklü hər kəs səfərbər idi. Yaddaşımda ilişib qalan bir detal var. Cəbhəyə yardım üçün fond da yaratmışdı dövlət adamları.
Müdafiə Fonduna anam qızıl saatını, bilərziyi bir də doğum günündə atamın aldığı üzüyü verdi. “Ya Allah, sən bizə kömək ol!” duası ilə həm də. Bəlkə də o anaların duasını eşitdi tanrı, biz yüz yaşlı Azərbaycan olduq artıq. Əvvəldə Məmməd Əmin, ortada Əbülfəz Elçibəy və Heydər Əliyev kimi nəhəng məmləkət kişilərinin sayəsində. Neftimiz, qazımız, dövlətimiz bizim oldu. Düzdü bəhrəsi bizim oldumu? Bu suala cavabım, “nə isədir…”.
Heç olmasa indi dünyada Azərbaycan brendi kimi satıldığı sevindirir adamı. Yenə də bizim addır deyə düşünürsən. Yaşıdım olanlardan çoxunun uşaqlığını, gəncliyini, yeniyetməliyinialıb əlindən müdhi hadisələr, Azərbaycan olsun deyə, dualara amin deyib hər kəs. Çoxlu lap çoxlu tanıdığımız, sevdiyimiz öldü Azərbaycan yolunda. Faciələr yaşadıq millət olaraq. İndi bir irad var ortada “neft xalqın yox, dövlətindir!”.
Bunu o adam deyir ki, xalqın artistidir. Xaql onu olduğu adam edib. Onu Səmayə xala kimi sevdik “Planeta parni iz Baku” KVN teatrında, sonra Hacıbala Abutalıbov kimi, hətta ölkənin siyasi lideri Heydər Əliyev kimi…Təbii ki, obrazlardan. Sevdik, sevdik, gəldi oldu Murad Dadaşov. Sonra da efirdən bizə dedi ki, neft xalqın deyil, dövlətindir. Siz hələ bir nəsə edin, özünüzü göstərin, sonra iddianız olsun. Sualım var yoldaş Dadaşov: İrad tutuğun xalq Azərbaycan qurub, səni yaradıb, Murad Dadaşov olmusan, daha neynəməliydi?! Əgər bu xalq olmasaydı dövlət olmazdı, dövlət olmasaydı xalq olmaq olmazdı. Hər ikisi olmasa sən də, lap elə mən də olmazdıq. Deyəsən, çox fəlsəfi oldu… Eh, nə isə, sən bizi anlamazsan “Səmayə xala”…
Jalə Mütəllimova
Gununsesi.org