"Yaşlı nazirlərdən 25 ildir vəzifədə olanlar, Baş Nazirin 1-ci müavini, habelə vəzifənin öhdəsindən gələ bilməyən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri də istefaya göndərilməlidir”.
Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin baş nazirin müavini Əli Həsənovun istefasını qəbul edərkən onun bu addımının iqtidarda təmsil olunan digər yoldaşlara da örnək olacağı barədə dediyi fikrinə əsasən daha kimlərin istefaya göndəriləcəyi məsələsinə toxunarkən ekspert Cümşüd Nuriyev deyib:
"Nazirlər, komitə sədrləri arasında elə adamlar var ki, uzun müddətdir vəzifədədir. Dünyanın heç bir yerində iki seçkidən artıq heç kim nazir vəzifəsində qalmır. Amma Azərbaycanda 25 ildir nazir işləyən var. Bu adamlar üçün vəzifə o qədər adiləşib ki, istəsə də həmin vəzifənin öhdəsindən layiqincə gələ bilmir. Bu mənada Prezidentin Əli Həsənovun istefaya göndərməsi fonunda etdiyi müraciəti eyni zamanda, 15-25 ildir ki, vəzifədə olan nazirlərə də aiddir. Onlar da özlərində bir təpər tapıb istefa versin. Baş nazirin birinci müavininin yaşı da çoxdur, 70-in üstündədir. O da istefaya getməlidir. İcra başçıları arasında hətta 80 yaşı olanlar var. Bu yaşda icra başçısı kimə lazımdır?”
Həmsöhbətimiz təklif etdi ki hüquq mühafizə orqanlarında olduğu kimi yaş həddi icra strukturlarında vəzifə tutanlara da tətbiq olunsun: "Heç olmasa nazir vəzifəsinə gənc qoyulanda onun müavinlərindən biri nisbətən yaşlı olmalıdır. Çünki gənc heyət həmin nazirliyi batırır. Konkret olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin gənc rəhbəri həmin nazirliyi yoluna qoya bilmir. Çünki buarada təcrübəli adamlar yoxdur, Gənclər də həddən artıq çılğın olur. Bu mənada nazirliklərdə rəhbər heyəti gənclərlə nisbətən yaşlı nəsil arasında hələlik 50-nin 50-yə nisbətində olmalıdır. Bütün gənclərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olduğu kimi bir nazirliyə yığılması özünü doğrultmur. Anoloji vəziyyət Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyində də hökm sürür. Həmin qurumların rəhbərliyində dəyişiklik olmasına da fikir verilsə yaxşı olar. Yəni, istefa təkcə yaşlı nazirlərə deyil, işin öhdəsindən gələ bilməyənlərə də aiddir. Onlar və yaşı çox olan nazirlər vəzifədə qalmaqla Azərbaycan dövlətinin başını aşağı salırlar. Hər halda bütün bunlar Prezidentin səlahiyyətinə aiddir”.