“Ölkə.az” saytının əməkdaşı Liviya Respublikasının Azərbaycan Respublikasındakı Müvəqqəti İşlər Vəkili Cənab Kais Albarsidən müsahibə alıb.
AzBaku.info həmin müsahibəni təqdim edir:
- Ölkələrimiz və xalqlarımız arasında tarixi, dini və mədəni əlaqələr qədim dövrlərdən mövcuddur. Cənab səfir, Liviya Respublikası və Azərbaycan arasında diplomatik əlaqələrin yaranma tarixindən və bu əlaqələrin bu günündən danışmağınızı istərdik...
- Liviya birinci ərəb dövlətidir ki, Azərbaycanın müstəqilliyini tanıyıb. Bu, tarixdir və heç cür dəyişmək olmaz. Liviyanın əvvəlki rəhbəri Qəzzafinin dövründə də Azərbaycanı həmişə və hər zaman dəstəkləyib. Liviyanın bu mövqeyi bu gün də dəyişməz qalıb, çünki bu əlaqələr təkcə dövlətlər arasında yox, xalqlar arasındadır. Liviya ilk gündən Azərbaycanın Dağlıq Qarabaq problemində haqlı mövqeyini dəstəkləyib, Azərbaycanın bütövlüyünü elan edib.
- Qarşılıqlı rəsmi səfərlər gözlənilirmi, ümumiyyətlə, iki ölkə arasında bağlanmış Sazişlər və onların icrası barədə nə deyə bilərsiniz?
- Qeyd edim ki, 2011-ci il hadisələrindən sonra dövlətlərimiz arasındakı əlaqələr istənilən səviyyədə deyil. Bu da Liviyada baş verən hadisələrlə izah olunur. Mənim Azərbaycana təyinatım və burada olmağım da ümid verir ki, əvvəlki sıx əlaqələr bərpa olunacaq. Mən bunun üçün çalışıram.
- Vətəndaş müharibəsindən zərər çəkmiş ölkə olaraq Liviya Respublikası Azərbaycanı dəstəkləyir və Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Cənab səfir, Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ probleminin həllini necə görürsünüz?
- Bir çox dünya dövlətləri terrorizmdən əziyyət çəkir. Mən Liviyada baş verən hadisələri vətəndaş müharibəsi kimi xarakterizə etməzdim. Sübut kimi qeyd edim ki, qonşu Əlcəzair 10 ildir terrorizmdən əziyyət çəkib. Terrorizm bu gün artıq Avropaya və ABŞ-a yayılıb. Parisdə, Brüsseldə baş verən hadisələr buna sübutdur. Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Əlbəttə ki, bu münaqişənin sülh yolu ilə həll olunmasını da istəyirik.
- Liviya Respublikası dünya ölkələri arasında inkişaf etmiş neft sənayesi və kənd təsərrüfatı ilə öndə gedən ölkələrdən biridir. Cənab səfir, Azərbaycan və Liviya arasındakı iqtisadi və ticari əlaqələrin bugünkü vəziyyətindən danışardınız.
- Əlaqələrimiz vaxtilə çox sıx olub. 2011-ci il hadisələrindən sonra zəifləsə də, mənim qarşımda duran vəzifələrdən biri də bu əlaqələrin yüksək səviyyəsini bərpa edib inkişaf etdirməkdir.
- Vaxtilə Sovetlər İttifaqı zamanında xeyli liviyalı tələbə Azərbaycanda təhsil alıblar. Cənab səfir, ölkələrimiz arasında tələbə mübadiləsi necədir, ümumiyyətlə, səhiyyə və mədəni mübadilələr Sizi qane edirmi?
- Azərbaycan zəngin neft ölkəsidir. Ən qədim neft çıxarma ölkəsi olmaqla bərabər, həm də bu sahədə yüksək mütəxəssislər hazırlayan bir ölkədir. Liviya ilk gündən öz tələbələrini Sovet İttifaqına, xüsusən də Azərbaycana oxumağa göndərirdi. Bizim bir çox mütəxəssislərimiz keçmiş Neft və Kimya İnstitutunda oxuyublar. Hərbçilərimizin böyük bir hissəsi Bakı Hərbi Dəniz məktəbinin məzunudurlar. Son vaxtlar tələbə axını dayansa da mən çalışacağam bu əlaqələr bərpa olunsun.
- Azərbaycan postneft dövründən sonra turizmin inkişafına diqqət yetirir. İqtisadiyyatının əsasını neftvvə qaz sənayesi təşkil edən Liviya da turizmin bu günkü günndən danışardınız, ümumiyyətlə ölkələrimiz arasında turizm mübadiləsi Sizi qane edirmi?
- Turizm hər bir dövlətin iqtisadiyyatının mühüm sahəsidir. Lakin bunun üçün ilk növbədə dövlətin təhlükəsizliyi və əhalinin rifahı yüksək olmalıdır. Bu gün Liviyadan turist axını, demək olar ki, yoxdur.
Ancaq bizim qarşımızda mühüm məsələlərin həlli durur. Bunların ən birincisi terrorizmlə mübarizədir, ikincisi əhalinin rifahının yüksəlməsi üçün dağıdılmış iqtisadiyyatın bərpa olunmasıdır. 2012-2015-ci illərdə bir çox ölkələr Tripolidəki səfirliklərini bağlayıb səfirlərini geri çağırdılar. Ancaq bu gün onların hamısı fəaliyyətlərini bərpa ediblər. Mən çox istərdim ki, Azərbaycanın da səfirliyi Liviyaya qayıdıb öz işini bərpa etsin.
- Cənab səfir, Yaxın Şərqdə, Suriyada, Myanmada, xüsusi ilə müsəlman ölkələrində baş verən qanlı toqquşmalarla bağlı rəsmi Tripolinin mövqeyi necədir?
- Biz BMT-nin üzvüyük. Bizim şüarımız belədir - heç bir dövlətin daxili işlərinə qarışmırıq.
- Diplomatik missiyanızı həyata keçirərkən iki ölkə arasında daha hansı sahələrdə inkişaf görmək istərdiniz?
- Mən bir aydır Azərbaycandayam. Qarşımda bir çox həllini gözləyən mühüm məsələlər var. Tripolidə həbsdə olan 2 nəfər Azərbaycan vətəndaşı buraya ekstradisiya olunmalıdır. Xarici İşlər Nazirliyi bu barədə məlumatlıdır.
Azərbaycan və Liviya arasındakı müştərək iqtisadi kommisiyanın işi bərpa olunmalıdır. Ümidim böyükdür. Eyni zamanda, çalışıram ki, Azərbaycan səfirliyinin işinin bərpasını tezliklə həyata keçirək.