Bakının üç yarıtmaz başçısı yol üstə: prezident də bezib…

Prezidentin Bakının yeni meri Eldar Əzizovu qəbul etməsi, şəhərdəki tikintilərlə bağlı iradları təsadüfi sayıla bilməz.

Ölkə başçısı tək-tək hesabat tələb edir, ictimaiyyət qarşısında tənqidlərini bildirir, dəyişikliklərin paytaxta çatdığını mesaj verir.

Bu dəyişikliklər ilk növbədə Bakının rayonlarının bəzi icra başçıları ilə vidalaşmaqdan ibarət olacaq. Əgər həmin fiqurlar dəyişməsə, sistematik işlər həyata keçirmək nonsensdir.

Reportyor.info-nun analitik şöbəsi yazır ki, Bakının üç rayonunun icra başçısının kadr islahatları dalğasında yola salınması gözlənilir.

Onlar şəhərin strateji rayonlarına rəhbərlik etsələr də, nə sakinlərin, nə də prezidentin etimadını doğruldublar.

Cənab İlham Əliyev dəfələrlə xəbərdarlıq eləmişdi ki, camaatla işləyin, qanunsuzluğa yol verməyin.

Sonuncu belə ismarışı Yevlax və Xaçmaza yeni təyin etdiyi icra başçılarını qəbul edərkən verdi: qanunsuzluq etsəniz, işdən çıxarılacaqsınız…

Amma bu tapşırıqlara məhəl qoymayan Bakının üç mühüm bölgəsinin icra başçılarının vaxtı yetişib, prezidentin də səbr kasası daşıb.

Söhbət paytaxtın mərkəzi rayonu olan Nəsiminin icra başçısı Asif Əsgərov, şəhərin nəhəng rayonlarından olan Yasamalın rəhbəri Əziz Əzizov və xarabalığa çevirdiyi Suraxanının şefi İlqar Abbasovdan gedir.

***

Asif Əsgərov daha əvvəl Səbayelin icra başçısı olub. Burada çoxlu qalmaqallar, özbaşınalıqlar, büdcə mənimsəmələri ilə ad çıxarıb.

Ardınca oğlunun avtoqəzada öz dostunun həyatına son qoyması, yeniyetmənin həbsdən çıxarılıb cəzasını axıra qədər çəkməməsi dillərdə əzbərə çevrildiyinə görə A.Əsgərov bu hadisələri ört-basdır etmək üçün dəridən-qabıqdan çıxdı.

Bir müddət sonra hamiləri hesabına Nəsimi İH başçısı təyin edildi. Burada da özünü doğrultmaq üçün heç bir iş görmədi.

A.Əsgərovun dövründə yaşıllıqların məhvi, tikintilərin aparılması, binaların həyətlərinin satılması davam elədi.

Artıq onun himayədarları da yoxdur və Bakının mərkəzi rayonuna uğurlu, işləyən kadr təyinatı istisna edilmir.

Hələ Eldar Əzizov Səbayel İH başçısı olanda A.Əsgərov dövründə həyata keçirilmiş bir sıra qanunsuzluqların üstü açılmışdı. Xüsusən də sürüşmə zonasında villaların tikintisinə məhz A.Əsgərovun dövründə icazə verildiyi məlum olmuşdu.

Bakının sabiq meri Hacıbala Abutalıbov da açıq şəkildə demişdi ki, sürüşmə zonasında tikintilərə icazə verməyib və məsuliyyəti yerli idarə orqanları daşıyır.

A.Əsgərovun 2009-cu ildən 2015-ci ilə qədər Səbayelə rəhbərlik etdiyi dövrdə sürüşmə zonasında tikintilər intensiv xarakter alıb.

Onun adı deputatdan 30 min manat rüşvət istəməkdə hallandırılırdı. Milli Məclisin üzvü Adil Əliyev “Yeni Müsavat”ın canlı yayınında çıxış edərkən bildirmişdi ki, Bakı rayonlarından birinin icra başçısı vətəndaşdan bir qapı açmaq üçün 30 min manat rüşvət tələb edib.

Həmin rüşvət verilmədikdə, qapı açmağa icazə verməyib. Vətəndaşın bu xahişini isə başçıya deputat şəxsən çatdırıbmış.

Bundan başqa, Asif Məhərrəmov küçəsində 46, 50 saylı binanın sakinlərinin Nəsimi Rayon İcra Hakimiyyətindən və tanımadıqları tikinti şirkətindən şikayəti mətbuatda geniş səs-küyə səbəb olmuşdu. Çünki ərazidə qanunsuz tikinti işləri aparılırdı.

Təkcə bu fakt deyil. Rayonun Əliisgəndər İsgəndərov küçəsinin sakinləri ərazidə yeganə olan yaşıllığın və istirahət bağının məhv edilməsinin qarşısını almaq üçün ayağa qalxmışdı.

Ağacları kəsib, böyüklərin və uşaqların istirahət yeri olan bağda yaşayış binası tikməyə başlayıblar. Bu da təbiidir.

***

Başkəndin ikinci yarıtmaz rayon rəhbəri Suraxanını altını üstünə çevirən İlqar Abbasovdur. 61 yaşlı icra başçısı 2005-ci ildən Suraxanıya şeflik edir.

Bəlkə də onun qədər uzun müddətli Bakının hansısa rayonuna başçılıq edən olmayıb. Eyni zamanda bu nöqteyi-nəzərdən İ.Abbasovun vaxtı çatıb.

Prezidentin onunla işləmək istəmədiyi və Suraxanıya fəal, gənc, müasir biliklərə malik kadr başçı gedəcəyi gözləntiləri var.

İ.Abbasov bir neçə il qabaq vəzifəlilərin iştirak etdiyi qeyri-rəsmi məclisdə çıxışı ilə gündəmi silkələmişdi.

Elə həmin vaxt onun “qələmi qırılmış”, işdən azad olunacağı xəbəri gözlənməkdəydi. Lakin köhnə qvardiyanın əsas gücləri onu qorudular və xilas etdilər. İndi həmin qüvvələr hakim komandada yoxdurlar.

O dövrdə Suraxanı İH rəhbəri siyasi səhv buraxmışdı. Sitat: “Qoy nə yazırlar, yazsınlar. Onsuz da hamı hər şeyi bilir. Yazırlar ki, biz sökürük, uçurduruq, dağıdırıq, torpaq satırıq, rüşvət alırıq, korrupsiya ilə məşğuluq. Guya ölkə rəhbərliyi bilmir ki. biz nə işlə məşğuluq? Bilmirlər ki, söküb, dağıdırıq?”

Daha sonra onun adı mətbuatda Əli İnsanova yaxın şəxslərlə, Akif Çovdarovla hallanırdı. Habelə, İlqar Abbasov icra başçısı təyin olunandan bu günə kimi prezident İlham Əliyev bu rayona nadir hallarda səfər edib.

Bu isə o deməkdir ki, 14 il ərzində Suraxanı rayonunda İlqar Abbasov tərəfindən heç bir iş görülməyib.

Başçının adı torpaq alverində tez-tez hallandırılır. Məhz bu səbəbdən mediada Suraxanının adı çox vaxt torpaq alveri ilə bağlı hallandırılıb.

Bildirilir ki, rayonun Bülbülə, Əmircan, Hövsan, Zığ, Yeni Günəşli, Yeni Suraxanı və Qaraçuxur qəsəbələrində boş torpaq sahəsi tapmaq olmur. Tikinti üçün verilən sərəncamlar 3000 manatdan yuxarıdır.

***

Nəhayət, növbəsi çatan üçüncü icra başçısı Yasamalın “firon”u Əziz Əzizovdur. Onun Cəlilabadı viran qoyub Yasamala başçı gəlişi olduqca təəccüblüydü.

Bunu Əmlak Komitəsinin sədri Kərəm Həsənovla əlaqələndirirdilər. Ə.Əzizov K.Həsənova yaxındır. Onun yerinə Cəlilabada elə Reyestr Xidmətində vəzifə tutmuş Namiq Zeynalovun getməsi, Əziz Əzizovun Yasamalın icra başçısı təyin olunması K.Həsənovun yenidən möhkəmlənməsi kimi qiymətləndirdilər.

Lakin Əmlak Komitəsinin İqtisadiyyat Nazirliyinə birləşdirilməsi və quruma nəzarətin supernazir Mikayıl Cabbarova keçməsi işləri cəncələ salıb.

İddialara görə, komitə sədrinin mövqelərinin zəifləməsi ona yaxın kadrların karyerasına da təsirsiz ötüşməyəcək. Bu mənada Əziz Əzizovun Yasamalın icra başçısı uzun müddət olmayacağı dəqiqləşməkdədir.

Ə.Əzizov prezidentin ona göstərdiyi etimaddan sui-istifadə edərək paytaxtın ən strateji rayonlarından olan Yasamalı tar-mar eləməkdə, əraziləri qarış-qarış satmaqda, onunla hesablaşmayan sahibkarların obyektlərini uçurmaqda, vətəndaşları qanunsuz şəkildə küçəyə tökməkdə, yerlərini iş adamlarına peşkəş eləməkdə usta məmurlardan biridir.