Dekabrın 18-də Sumqayıt Dövlət Universitetində Elmi Şuranın növbəti iclasının açılışından öncə rektor professor Elxan Hüseynov Türkiyənin Hacettepe Universitetinin professoru Şükrü Haluku Akalına SDU-nun Fəxri doktoru diplomunu təqdim etdi.
Rektor professor Elxan Hüseynov iclası açaraq şura üzvlərini salamladı və bugünkü iclasın tarixi əhəmiyyət daşıdığını bildirdi. Rektor qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərinə əsaslanan, ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən olan Azərbaycan-Türkiyə əlaqələrinin strateji səviyyədə olduğunu, təhsil sahəsində də əlaqələrin gələcək inkişafında maraqlı olduğunu xüsusi vurğuladı. Qeyd etdi ki, Elmi Şuranın 27 noyabr 2019-cu il tarixli iclasında Hacettepe Universitetinin professoru Şükrü Haluk Akalın SDU-nun Fəxri doktoru adının verilməsi haqqında qərarını elan etmişdi. Rektor universitetin fəxri doktoru adına layiq görülməsi münasibətilə
Hacettepe Universitetinin professoru Şükrü Haluku Akalın təbrik etdi, universitetdə görməkdən məmnunluğunu ifadə etdi, qeyd etdi ki, Şükrü Haluk Akalın təkcə Türkiyədə deyil, bütün türk dünyası və Avropa alimləri arasında böyük nüfuza malikdir. Elm aləmində xüsusi nüfuzu olan alim yazdığı elmi əsərləri, apardığı tədqiqatları ilə elm aləminə öz töhfəsini vermişdir. Onun əsərləri müxtəlif dillərə tərcümə olunmuşdur. Həmçinin, Çukurova Universitetində Türkoloji Araşdırmaları Mərkəzini yaradaraq ona rəhbərlik etmiş, 2001-ci ildə Türk Dil Qurumuna sədr seçilmiş, türk dövlətlərində, xüsusən də, Azərbaycan Respublikasındakı türkoloqlarla, dilçi alimlərlə Türk Dil Qurumu arasında sıx əlaqələrin yaradılmasına xidmət göstərmişdir. Azərbaycanda dilçilik mövzusunda keçirilən toplantılarda Türk Dil Qurumu sədri kimi Türkiyəni təmsil etmişdir.
Professor Elxan Hüseynov onu da diqqətə çatdırdı ki, Şükrü Haluk Akalın Sumqayıt Dövlət Universiteti ilə sıx əlaqə bağları var. 2016-cı ildən Sumqayıt Dövlət Universitetində keçirilən beynəlxalq elmi konfranslarda iştirak etmişdir. Eyni zamanda, professor Şükrü Haluk Akalın Sumqayıt Dövlət Universitetində konfrans çərçivəsində məharət dərsləri vermiş, fakültədə təşkil olunmuş bir neçə dəyirmi masada yaxından iştirak etmişdir. Həmçinin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə çap olunmuş “Əbədiyyətin Nəsimi zirvəsi” adlı məqalələr toplusunda “Nesimi'nin Divan'ında cemal sözünün kullanımı ve eş dizimliliği (collocation) üzerine” adlı məqalə ilə çıxış etmişdir. Professor Filologiya fakültəsi ilə sıx əməkdaşlıq edir, doktorant və dissertantlara üzərində tədqiqat apardıqları elmi işləri ilə bağlı faydalı məsləhətlərini verir və köməyini əsirgəmir. Fəxri doktorları siyahısına belə alim və mötəbər insanın daxil edilməsinə ürəkdən sevindiyini bildirən rektor universitetin Türkiyə universitetləri ilə əlaqələrinin möhkəmlənməsinə öz töhfəsini verəcəyini bildirdi.
Rektor Fəxri doktor diplomunu, medal və mantiyanı ali qonağa təqdim etdi.
SDU-nun fəxri doktoru adına layiq görülməsindən məmnunluğunu ifadə edən Şükrü Haluk Akalın bundan sonra da Türkiyə və Azərbaycan arasında elm və təhsil sahəsində əlaqələrin gücləndirilməsinə çalışacağını dedi. Qeyd etdi ki, bu gün Sumqayıt Dövlət Universitetində, elmi şurada olmaqdan və universietin akademik və tələbə heyəti ilə görüşməkdən böyük məmnunluq və şərəf hissi duyur. Bu adın verilməsi onun üçün böyük əhəmiyyət kəsb edir, bu adın həm də çalışdığı Türkiyənin ilk on araşdırma universiteti sırasında olan Hacəttəpə universiteti arasında əməkdaşlıq simvolu olacağını söylədi. Onu da qeyd etdi ki, bizim bütün işlərimizin arxasında Azərbaycan-Türkiyə münasibətləri, qardaşlıq və dostluq əlaqələri dayanır. Hər birimizin çiyninə, müəllimlərin də, tələbələrin də üzərinə bu münasibətləri daha da möhkəmləndirilməsi, bir-birimizi daha yaxından tanımaq üçün təbliğat işlərinin genişləndirilməsi kimi vacib vəzifələr düşür. Bu məsələlərin həyata keçməsində, gələcəkdə daha böyük layihələrin reallaşmasında bir payımız olacaqsa nə mutlu bizə. Şükrü Haluk Akalın çıxışında onu da vurğuladı ki, bu günə qədər həm apardığı tədqiqatların, nəşr etdirdiyi əsərlərin, həm də Azərbaycan-Türkiyə elmi mühitindəki fəaliyyətinin Sumqayıt Dövlət Universiteti tərəfindən dəyərləndirilib, təqdir edilməsi və fəxri doktor adı, elmi adı ilə qiymətləndirilməsi onu olduqca məmnun etdi. Verilən bu yüksək ad, bu böyük qiymət elmi-ictimai həyatında aldığı ən qiymətli mükafat olaraq onu daha da şövqlə, həyəcanla, sevgi və məsuliyyətlə çalışmağa, fəaliyyət göstərməyə sövq edəcəyini bildirdi. Fəxri doktor adının verilməsi qərarına görə Elmi Şuraya xüsusi təşəkkürünü ifadə etdi, bu adın məsuliyyətini həmişə şərəflə daşıyacağına söz verdi. Professor Şükrü Haluk Akalın göstərilən bu etimadı, ona verilən qiyməti təkcə şəxsinə deyil, həm də ölkəmin elmi ictimaiyyətinə verilən bir dəyər kimi qəbul etdiyini vurğuladı. O, Sumqayıt Dövlət Universitetinin onda xoş təəssürat yaratdığını bildirərək, fəxri doktor adına layiq görüldüyünə görə SDU-nun rektor professor Elxan Hüseynova dərin təşəkkürünü bildirdi.
Elmi Şuranın rəsmi açılışından sonra gündəlikdə olan məsələlər müzakirə olundu.