Bakıda bağça müdiri 75 nəfəri aldadıb – TƏFƏRRÜAT + VİDEO

Paytaxtın Yasamal rayonu, Əhməd Cəmil küçəsində hündürmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən “Safay” uşaq bağçasının müdiri xeyli sayda qadını işlə təmin etmək adı ilə aldadaraq pullarını mənimsəyib.

AzBaku.info Xəzər TV-yə istinadən bildirir ki, zərərçəkmişlərin sözlərinə görə, özünü bağçanın müdiri kimi təqdim edən Tərlan Bağırova və müdir müavini Aləmzar Əliyeva “Şamaxinka” adlanan ərazidə yeni açılacaq uşaq bağçasına onlardan işə qəbul edəcəklərinə dair söz verərək pul alıb.

T. Bağırova və A. Əliyeva işə düzəldəcəyi qadınlara iki gündən sonra səliqəli geyimdə bağçanın açılışına gəlmələrini deyib. Təxminən 75 qadın da deyilən vaxt həmin ünvana gəlib. Lakin məlum olub ki, uşaq bağçası kimi təmir edilən obyektdə şəkillər və reklam lövhələri sökülüb.

Dələduzluğa məruz qalan vətəndaşların sözlərinə görə, Tərlan Bağırova və Aləmzar Əliyeva bu şəkildə 75 şəxsə külli miqdarda ziyan vurub. Məsələ ilə bağlı “Safay” uşaq bağçasının rəhbəri kimi özünü təqdim edən Tərlan Bağırova bildirib ki, həmin şəxslərdən pulu o almayıb.

Bağçanın qarşısına toplaşan zərərçəkmişlər “102” xidmətinə də məlumat veriblər. Əraziyə gələn polis onları izahatlarının alınması üçün idarəyə dəvət edib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.