Xətai rayon İHB Rafiq Quliyevə məxsus olduğu deyilən obyektdən gələn səs-küy sakinlərin rahatlığını pozur – POLİS İSƏ SUSUR

“Xalqdan qorxmursunuz, heç olmazsa Allahdan qorxun.” Bir müddət öncə ölkə Prezidenti İlham Əliyev yerli icra hakimiyyəti başçılarının qanunsuz əməllərinə etiraz əlaməti olaraq bu sözləri söylədi. Əgər dövlət başçısı öz təyin etdiklərinin paytaxtda və əyalətlərdəki əməllərindən dəhşətə gələrək, Allahdan qorxmanın vacibliyini onlara xatırladırsa, deməli vəziyyət olduqca gərgindir. Əslində Prezidentin yerli İcra Hakimiyyəti başçıları ilə bağlı sözləri sadəcə etiraz deyildi, həm də SOS siqnalı idi. Lakin nə baş verdi? İstər paytaxt rayonlarının, istərsə də əyalətlərin yerli İcra Hakimiyyəti başçıları sadəcə bir və ya iki gün səthi narahatlıq keçirdilər. Üçüncü gün isə hər şey, bəli hər şey köhnə axarına qayıtdı.
Yeni kadr hesab edilsə də, sözün bütün anlamlarında köhnələrdən olan Xətai rayon İcra Hakimiyyətnin başçısı Rafiq Quliyev sələfi Razim Məmmədovun sayəsində vəzifə olimpinə yüksəlib. Hesab edirəm ki, bunu cənab başçının özü də inkar etməz. Və hörmətli Rafiq müəllim onu inkar etməz ki, Razim Məmmədov o qədər fürsətcil dövlət görəvlisi idi ki, mümkündür ki, Rafiq Quliyevlədə hər hansı anlaşması olub.
Onu da qeyd edək ki, bu yüksəliş o qədər sürətlə davam etdi ki, hətta səbəkar belə kölgədə qaldı. Və nəticə olaraq bu gün Rafiq Quliyev Razim Məmmədovun kreslosunda əyləşib. Əslində nə isə dəyişmədi. Dəyişən yalnız adlar oldu. Nəticə isə toplananların yerini dəyişməsinə bənzədi. Rafiq Quliyev hələ R.Məmmədovun I müavini olarkən oliqarx məmur adını haqq edənlərdən idi. Bir dövlət məmurunun o qədər də böyük olmayan əmək haqqı ilə necə oliqarxa çevrilməsinin sirrini bilənlərdən də biri Rafiq Quliyev olsun gərək. Xatırladaq ki, R.Məmmədovun görəvindən alınmasından qısa müddət əvvəl Rafiq Quliyevlə ciddi münaqişələridə olmuşdu. R.Quliyevin Xətai rayonundakı obyektlərinə şəxsən özü gələn Razim Məmmədovun tapşırığı ilə həmin ticarət müəssisələrinn işıqları bir gündə kəsilmişdi. Etibarlı mənbənin bildirdiyinə görə bu narazılığın səbəbi Rafiq Quliyevin obyektlərinin sayını R.Məmmədovdan gizlətməsi olubmuş. Və ticarət obyektlərinin sayının kifayət qədər çox olduğunu bilən icra başçısının kriz keçirdiyini söyləyən mənbə əlavə olaraq onu da qeyd etmişdi ki, sonda İcra başçısı və I müavin anlaşmaya nail olmuşdular.
Diqqətli oxuculara onu da xatırladaq ki, Razim Məmmədovun Xətai rayonuna rəhbərliyi dönəmində səkiyə, qaz borularının üstünə, illərlə əziyyət çəkilərək əkilib becərilən ağacların olduğu əraziyə müxtəlif məqsədli kommersiya obyektlərinin tikintisi üçün çoxlu sayda sərəncamlar verilib. İcra Hakimiyyətinə yaxın mənbənin söylədiyinə görə bu tip məsələlər məhz başçının I müavini Rafiq Quliyevin nəzarətində olub. Yəni həmin Sərəncamlara təşkilatçılığı Rafiq Quliyev edib. Sözsüz ki, I müavin bu tip məsələləri özünə yaxın olan şəxslərin vasitəsi ilə həyata keçirib. Bu gün isə Razim Məmmədov yoxdur. Söz və səlahiyyət sahibi Rafiq Quliyevdir. Xətai rayonunda məhz Rafiq Quliyevin sayəsndə elə bir anormal vəziyyət yaranıb ki, bu şəxsə ölkə başçısının söylədiyi kimi “heç olmazsa Allahdan qorx” deməkdən başqa çarə qalmır. Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevə məxsus olduğu deyilən kommersiya obyektlərindən gələn səs-küy sakinlərin rahatlığını illərdir ki, əllərindən alıb. Dəfələrlə məhz bu obyektlərdən gələn səs-küyün insanları narahat etməsi ilə bağlı DİN-ə, BŞBPİ-yə və Xətai RPŞ-yə edilən müraciətlər müxtəlif bəhanələrlə ya yönləndirilimiş, ya da sonda nəticəsiz olaraq dəftərxanaya göndərilmişdir. Sanki bu rayonun hüquq-mühafizə orqanlarının ən birinci vəzifəsi Rafiq Quliyevin əmlaklarını kənar təsirlərdən mühafizə etməkdir.
Xatırladaq ki, əslində Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevə məxsus, rayonun Cavanşir küçəsində yerləşən “Qarabağlılar 19” adlı obyektin hüquqi sahibi Afət adlı xanımdır. Afət xanım Rafiq Quliyevlə kirvə olan və İcra Hakimiyyəti başçısının kommersiya obyektlərinə nəzarət funksiyasını həyata keçirən İntiqam adlı şəxsin bacısıdır. Oxucuların diqqətinə onu da çatdıraq ki, bu ərazidə Rafiq Quliyevə məxsus iki kommersiya obyekti fəaliyyət göstərir. Həmin obyektlərdən biri – “Qarabağlılar 19” adlı iki mərtəbəli binanın ikinci mərtəbəsi bir zamanalar çay evi kimi fəaliyyət göstərirdi. Onu da xatırladaq həmin çay evi əxlaqsız qadınların kütləvi toplaşdığı məkanlardan biri idi. Gün boyu və gecənin gec saatlarına qədər səsgücləndiricilər vasitəsilə ətrafa bayağı mahnıların insanın əsəblərini pozan sədaları, sərxoş qadınların və kişilərin əcaib gülüş səsləri sakinlərin əsəblərini tarıma çəkmişdi. Və nəticə olaraq sakinlərin israrlı tələblərindən sonra çay evi fəaliyyətini dayandırdı. Əvəzində isə həmin obyektin birinci mərtəbəsində fəaliyyət göstərən avtoyuma məntəqəsi sakinlərin rahatlığına qənim kəsildi. Artıq bir neçə ildir ki, sakinlərin rayon İcra Hakimiyyətinə, DİN-in 102 xidmətinə etdiklləri müraciətlər nəticəsiz qalır. Müraciətlər əsasında təhqiqat aparan polis əməkdaşları etiraf edirlər ki, Rafiq Quliyevin İntiqam adlı adamı onlara qanuna müvafiq tədbirlər görməyə mane olur. Belə ki, vətəndaş müraciəti daxil olanda anda İntiqam tədqiqat aparan polis zabitinə telefon açır və ona nələrisə xatırladır. Nəticə etibarı ilə sakinlərin məşəqqətli günləri illərdir ki, davam edir. “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008 – ci il tarixli, 796 nömrəli Fərmanında bu tip obyektlərdə səs təzyiqinin oktava səviyəsi müəyyən edilib. Və Fərmanın 1.3 bəndində o da qeyd edilir ki, “Bu normalara mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün hüquqi və fiziki şəxslər tərəfindən riayət edilməlidir.” Əfsuslar olsun ki, Rafiq Quliyevin patronajlığı, İntiqam adlı şəxsin təzyiqi ilə Xətai rayonunda kimsə bu Fərmana əməl etmir. Məsələ bununla da bitmir. Obyekt 24 saat fəaliyyət göstərir. Məhz 24 saatlıq fəaliyyətə etiraz edən sakinə Xətai rayon 36-cı polis bölməsinin rəisi Rza Əliyev maraqlı məktubda göndərib: Məktubda qeyd edilir: Sizin DİN-in 102 xidmətinə etdiyiniz müraciətə tərəfimizdən baxılmışdır. Müraciətinizdə göstərilən fakt təsdiqini tapmadığından müraciətinizlə bağlı toplanmış materialar PB-nin dəftərxanasında işə alınmışdır.” Bu məktub o zaman göndərilmişdir ki, BŞBPİ-nin aidiyyatı strukturu həmin obyektin icarədərləri haqqında qərar qəbul edilməsi üçün Xətai RPİ-yə məktub ünvanlamışdı. Məktubun bir surəti isə Xətai RİH başçısını o vaxt əvəz edən Rafiq Quliyevə göndərilmişdi. Məktubda deyilirdi: ...hər iki obyektin təyinatının dəyişdirilməsi məsələsinə baxılması barədə Xətai RİH-ə və BŞİH-nin Ticarət və Xidmət Departamentinə təqdimatlar göndərilmişdir.” BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi Nurullah Məmmədxanlının imzası ilə göndərilən məktubda daha sonra deyilir: ...həmin ünvanda nəzarət – profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə ərazi aidiyyatı üzrə Xətai RPİ-yə müvafiq göstəriş verilmişdir.” Həmin avtoyuma məntəqəsinin icarədəri isə şikayət edən sakinə çəkinmədən etiraf edir ki, obyek Rafiq müəllimindir. Bizə nəzarəti İntiqam edir. Və biz Xətai rayon Polis İdarəsinin rəisindən başlamış aşağıya qədər hər kəsin avtomobilini pulsuz yuyuruq. Onlarda bizi himayə edirlər.
Mövzuya qayıdacağıq.
Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.

Conflict.az