Moskvanın Basman məhkəməsi “Çerkizov” bazarının keçmiş sahibi Telman İsmayılovun qardaşı Vaqif İsmayılovun qiyabi həbsi barədə qərar verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə hüquq-mühafizə orqanlarından “Rosbalt” nəşrinə məlumat verilib.
İstintaq hesab edir ki, Rusiya Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinin keçmiş zabiti Vaqif İsmayılov güc strukturlarındakı vəzifəsindən istifadə edərək ailə biznesinin qeyri-qanuni işlərini gizlədib. V.İsmayılov beynəlxalq axtarışa verilib. Qeyd olunur ki, İsmayılov 2016-cı ilin payızında gizlənib, elə həmin vaxt onun qardaşı Rafiq həbs olunub.
Vaqif İsmayılov Rusiya Cinayət Məcəlləsinin qətl və qanunsuz odlu silah saxlamaq maddələri ilə ittiham olunub.
Qeyd edək ki, ötən gün Telman İsmayılovun beynəlxalq axtarışa verilməsi barədə məlumat yayılıb.