Bakı metrosunda gərgin anlar: Qadın relslərin üstünə yıxıldı

Bu gün səhər saatlarında metronun “Xalqlar Dostluğu” - “Dərnəgül” istiqamətində hərəkət edən qatarların hərəkətində 5-6 dəqiqəyədək interval yaranıb. Sərnişin sıxlığı metro vaqonlara minməyə çətinlik törədib.

AzBaku.info -nun məlumatına görə, “Bakı metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev modern.az-a faktı təsdiqləyib.

O bildirib ki, səhər 08:18 radələrində vətəndaşın qəfildən relslərin üzərinə yıxılması buna səbəb olub: “Bu, 1963-cü il təvəllüdlü Sevda Osmanova olub. “Xalqlar Dostluğu” stansiyasında qatar olmayan vaxtda relslərin üstünə yıxılıb. Metro əməkdaşlarının və sərnişinlərin işarəsi ilə qatar stansiyaya daxil olanda maşinist saxlayıb, qadını oradan çıxarıblar”.

N.Paşayev bildirib ki, başından xəsarət alan qadın dərhal təcili tibbi yardımın köməyilə xəstəxanaya çatdırılıb, vəziyyəti kafidir.

Qurum rəsmisi sərnişinlərə müraciət edib: “Bir daha xəbərdarlıq edirik ki, sərnişinlər təhlükəsizlik xəttini keçməsinlər. Ən əsası da bugünkü hadisə zamanı 3 sərnişin relslərin üstünə atlayaraq yıxılan sərnişinə yardım etməyə çalışıblar. Bu, qətiyyən yolverilməzdir. Çünki bu, onların həyatı üçün də təhlükə yaradır. Sərnişinin xilas edilməsi zamanı xətdə interval yaranıb. Hazırda qatarlar müəyyən olunmuş interval üzrə hərəkətdədirlər”.