Bakı Atatürk Liseyində müdhiş saxtakarlıq

Bakı Atatürk Liseyində müdhiş saxtakarlıq












Bakı Atatürk liseyində müdhiş saxtakarlıq Türk Dünyası Araşdırmalar Vəqfinin 1992-ci ildən paytaxtımızda təsis etdiyi Bakı Atatürk Liseyi fəaliyyətdə olduğu dövrdə bu təhsil ocağında tədrisin, şagirdlərin təlim-tərbiyəsinin keyfiyyətinə həmişə fikir verilib. Türk dünyasının görkəmli şəxsiyyətlərindən hesab olunan mərhum Turan Yazqanın xeyir-duası ilə fəaliyyət göstərən bu liseyin məzunlarının əksəriyyəti demək olar ki, təkcə ölkəmizdə deyil, xarici ölkələrdə də fəaliyyət göstərən nüfuzlu ali məktəblərə qəbul olublar. Məzunlar arasında ali məktəbləri bitirib, ölkənin müxtəlif sahələrində uğurla özünü sınayanlar var. Onların səsi hətta xarici ölkələrin prestijli sahələrindən də gəlir.
Amma bu gün çox təəssüf ki, lisey barəsində keçmişdə səsləndirdiyimiz xoş sözləri işlətməkdə çətinlik çəkirik. Reallıqları analiz etdikdə övladlarımızın gələcəyinin kimlərin əlində olmasından əndişələnir, narahat oluruq. Çünki lisey ilk gündən ali məqsəd və məramları özünə rəhbər tutaraq fəaliyyətə başlayıb. Məqsəd və məramlarından biri də bilik vermək yolu ilə vətənə, millətə, dövlətə xeyir verən nəsillər yetişdirmək, ədalətli olmaq, tədqiq edən, danışan və etik dəyərləri müzakirə edən insanları yetişdirməkdir.Amma Eylem Gültekin müdir müavini təyin olunandan sonra ölkəmizdə nümunəvi liseylərdən biri hesab edilən Bakı Atatürk Liseyinin qara günləri başlayıb. İdeal məqsəd və məramlar demək olar ki, heç nəyə baxılmadan ayaqlar altına atılıb. Ciddi qanunpozmalar, saxtakarlıqlar adıçəkilən liseydə məhz Eylem Gültekinin və onun liseydə olan havadarları vasitəsi ilə görünməmiş həddə çatıb. O, müdir təyin olunduqdan sonra isə heç nədən çəkinmədən pedaqoq adına yaraşmayan yalanlar uyduraraq, əvvəlcədən fikirləşdiyi böyükmiqyaslı saxtakarlıqlar həyata keçirib, özbaşınalıqlar pik həddə çatıbdır. Bunu isə liseydə çalışan müəllimlərin gözləri qabağında, onların gözlərinə “kül üfürə-üfürə”edib və səlahiyyətli qrumların adından istifadə etməklə özü ilə bərabər bir neçə Azərbaycan vətəndaşını da cinayətə sürükləyibdir. Belə ki, Eylem xanım özünə heç bir pedaqoji təhsili olmayan, vaxtilə təhsil aldığı Odlar Yurdu Universitetindən xaric olunan, orada işləyən müəllimlərin başına çox hoqqalar gətirən və diplomu olmayan S.Balakişiyevi özünə müavin təyin edib. Hazırda yenə də Samir bəyin vasitəsilə istər pedaqoji kollektivin, istərsə də valideynlərin başına “corab hörməkdədir”. Araşdırma aprılsa, Eylem xanımın da ali savadının Samir bəydən artıq olmadığının şahid olarıq. Bəs Eylem xanımın saxtakarlığı və ciddi qanun pozuntuları nədən ibarət olub?
Onların hələ ki, bir neçəsini oxucularımızın diqqətinə çatdırmağı məsləhət bildik: O, ilk qanunsuzluğuna Türkiyə vətəndaşlarını qaydalara uyğun olmadan işə götürməsi ilə başlayıb və buna görə Dövlət Miqrasiya Xidməti tərəfindən lazımi şəkildə ölçü götürülüb və 40 min manat cərimə olunub.Əmək Müfəttişliyi tərəfindən isə 1800 manat…Bunlardan ibrət dərsi götürməyən Eylem xanım sonrakı saxtakarlığını, bəlkə də, dünyanın ən böyük fırıldaqçıların ağlına gəlməyəcək bir şəkildə davam etdirib. Belə ki, liseydə işləyən savadlı və təcrübəli azərbaycanlı işçiləri çıxartmaq üçün heç nədən çəkinmədən Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin adından sui-istifadə edib. Müəllimlərin diqqətinə çatdırıb ki, liseydə çalışan azərbaycanlı müəllimlər imtahan verməlidirlər:” Bu, Dövlət İmtahan Mərkəzinin və Təhsil Nazirliyinin tələbidir. İmtahanı isə Dövlət İmtahan Mərkəzi təşkil edəcək. Bütün suallar orada hazırlanır və müavinim Samir Balakişiyev imtahan günü gedib sualları mərkəzdən götürəcəkdir.” Təbii ki, Eylem xanımın fırıldağından xəbərsiz olan müəllimlər onun bu sözlərinə inanıb. İmtahan elə liseyin binasında iki dəfə təşkil olunub. Birincisi ötən il aprelin 21-də, o birisi isə iyunun 22-sində. Müəllimləri inandırmaq üçün müdirə xanım başqa bir oyun da fikirləşib. Özü imtahanı götürmək üçün formal komissiya təşkil edib. İmtahan zamanı “komissiya”nın üzvləri olaniki nəfər tərəfindən güya imtahan götürülüb. İşçilər bundan sonra “imtahandan keçməmək” adı ilə işdən xaric ediliblər. Sadəcə bu oyunu qurmaqla xeyli azərbaycanlı pedaqoqu işsiz qoyublar.Liseyin rəhbər şəxsləri dövlət qurumlarına aidiyyəti olmayan şəxslərlə əlbir olaraq çox böyük qanun pozuntularına yol veriblər. Qanun pozuntuları isə təkcə bununla bitmir. Zaman-zaman bununla bağlı dəyərli oxucularımıza məlumat verəcəyik. Hesab edirik ki, aidiyyəti qurumlar, o cümlədən hüquq-mühafizə orqanları qaldırdığımız məsələyə biganə qalmayacaq, məsələni nəzarətlərinə götürüb hüquqi ölçü götürəcəklər.
Qarşı tərəfi də dinləməyə hazırıq.
(aktualxeber.az)