Mühəndislik fakültəsinin tələbələri üçün “Gənclərin rəqəmsal texnologiyalardan səmərəli istifadəsi yolları" layihəsinə dair seminar keçirildi
[quote][/quote]Fevralın 21-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Bakı Mühəndislik Universitetinin Texnoparkı və İnnovasiya mərkəzinin, Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) təşkilati dəstəyi ilə "Gənclərin rəqəmsal texnologiyalardan səmərəli istifadəsi yolları" layihəsi çərçivəsində Mühəndislik fakültəsinin bir qrup tələbəsi üçün "Digital Twin" texnologiyaları və "Digital Twin" texnologiyasının Matlab proqram təminatında istifadəsinə dair nəzəri və praktiki seminar keçirildi.
Seminarı giriş sözü ilə Mühəndislik fakültəsinin dekanı dosent Ulduz Ağayev açdı. Bildirdi ki, XXI əsrin əvvəllərindən informasiya –kommunukasiya texnologiyaları cəmiyyətin və iqtisadiyyatın inkişafına təsir göstərən əsas amillərdən biridir. Ölkə prezidenti cənab İlham Əliyevin təşəbbüsü nəticəsində İKT sahəsində səmərəli addımlar atılıb. Bütün sahələrdə, o cümlədən təhsildə müasir dövrün tələblərinə uyğun yeniləşmə gedir. Dosent Ulduz Ağayev rəhbərlik etdiyi fakültədə müasir informasiya texnologiyalarından effektiv istifadə edilməsi, informasiya sistemlərini idarə edilməsi, kompüter qrafikası sahəsində proqram təminatı və qabaqcıl texnologiyaların yaradılması üzrə yüksək ixtisaslı kadrlar hazırlandığını diqqətə çatdırdı.
Seminarın təlimçisi, BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Manafəddin Namazov “Digital Twin” texnologiyalarının aktuallığını, əhəmiyyətini, müasir sənayedə tətbiq sahələrini və gələcək perspektivlərini təqdimat və video materiallarla izah etdi. “Digital Twin” texnologiyaları və “Digital Twin” texnologiyasının Matlab proqram təminatından səmərəli istifadəsinə dair nəzəri və praktiki maarifləndirici seminarın gənclərə qazandıracağı yeni bilik və təcrübədən danışdı.
Sonra “Digital Twin” texnologiyasının Matlab proqram təminatından səmərəli istifadəsi kompüterdə praktiki tapşırıq əsasında iştirakçılara göstərildi və bir nümunəvi məsələ həll edildi.
Seminarın sonunda iştirakçılara sertifikatla yanaşı, layihənin adı və tərəfdaşların loqolarının əks olunduğu hədiyyələr təqdim edildi.