Xüsusi karantin rejimini pozaraq, evakuator və avtomobilin yük yerində paytaxta rayon qeydiyyatında olan şəxsləri keçirmək istəyən şəxslər saxlanılıblar.
Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, neqativ halların qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşları tərəfindən birgə tədbirlər həyata keçirilib.
Belə ki, daxil olan əməliyyat məlumatı əsasında yükdaşıma xidmətlərindən birində sürücü işləyən Sabirabad rayon sakini Samit Qədirov saxlanılıb. Araşdırma zamanı müəyyən olunub ki, S.Qədirov Bərdə rayonunda qeydiyyatda olan və paytaxta gəlmək istəyən sürücülərdən biri ilə razılığa gələrək, 40 manat müqabilində ona məxsus “VAZ 21074” markalı avtomobili idarə etdiyi evakuatorun yük yerində, özünü isə evakuatorun salonunda gizlədərək, xüsusi buraxılış rejimi qaydalarına riayət etmədən Bakı-Ələt yolunun 65-ci kilometrliyindəki xüsusi keçid postundan keçirib.
Keçirilən daha bir tədbir zamanı xüsusi karantin rejimi qaydalarına əməl etməyərək, paytaxt sakini Tufan Qəmbərov və Sabirabad rayon sakini Əflatun Babalıyev tutulublar. Araşdırma zamanı müəyyən edilib ki, T.Qəmbərov pul müqabilində idarə etdiyi “Lada Vesta” markalı avtomobilin yük yerində Ə.Babalıyevi gizli olaraq Bakı-Ələt yolundakı xüsusi postdan keçirərək, paytaxta gətirəcəyi barədə əvvəlcədən razılaşıb.
T.Qəmbərov həmin şəxsi postdan keçirəndən bir neçə kilometr sonra polis əməkdaşları tərəfindən saxlanılıb.
Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən S.Qədirov, T.Qəmbərov və Ə.Babalıyev tutularaq istintaqa cəlb olunublar.