DYP əhaliyə müraciət etdi

“Ölkədə karantin rejimi elan olunmasına və bununla əlaqədar respublika üzrə sərnişindaşınma fəaliyyətinin dayandırılmasına baxmayaraq, bəzi vətəndaşlar özlərini təcili tibbi yardım avtomobili ilə xəstaxanaya aparılan xəstənin yaxını kimi təqdim edərək nəqliyyat vasitəsinə sərnişin kimi minir və həkimlərin etirazına baxmayaraq xəstə ilə birgə onların da daşınmasını tələb edirlər”.

DİN Baş DYP İdarəsindən verilən məlumata görə, xəstənin qohumlarının təkidi ilə üzləşən tibb heyəti məcburiyyət qarşısında onları təcili yardım avtomobilinə mindirsə də, həmin şəxslər keçid postlarında saxlanılır və onların hərəkətləri karantin rejiminin pozulması kimi qiymətləndirilərək məsuliyyətə cəlb edilməklə geri qaytarılırlar.

Belə halların təkrarlanmaması məqsədilə Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi bir daha hərəkət iştirakçılarına sağlamlıqlarının qorunması naminə ölkədə tətbiq olunan karantin rejiminə ciddi riayət etməyi və məsuliyyətə cəlb edilməmək üçün müxtəlif yollarla polis postlarından keçməyə cəhd göstərməməyi tövsiyə edir.