Koronavirusla bağlı yaranmış vəziyyət, vətəndaşları maraqlandıran məsələlər- bank kreditləri, kommunal ödənişlər və ehtiyacı olanlara aylıq yardım Milli Məclisdə də qaldırılıb.
Cebhe.info xəbər verir ki, Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev insanlara daha yaxın olmaq, sözünü eşitdirə bilmək və seçildikləri ərazidə insanların qayğısı ilə daha effektli məşğul olmaq üçün millət vəkillərinin səlahiyyətlərinin, statusunun daha üstün olması fikrini səsləndirib:
“Bu gün sadəcə, neçə illər seyrçi kimi izlədiyim bir həqiqəti demək istəyirəm. Ölkə Prezidenti rayonlara, şəhərlərə səfər edən zaman həmin dairənin deputatının da cənab Prezidentin yanında olması vacibdir. Mövcud problemlərin həlli, çatdırılması, müzakirəsi, tezləşdirilməsi və effektivliyi üçün deputatların belə zamanlarda ölkə Prezidenti ilə təması çox faydalıdır. Əlavə olaraq, bu cür davranış və iştirakçılıq ümumilikdə Parlamentin, həm də ayrı-ayrılıqda deputatların nüfuzunun artmasına kömək edər. Bəzi hörmətli millət vəkillərinin belə görüşlərdə iştirakını müşahidə etmişəm. Təklif edirəm ki, tutduğu mövqedən, partiyalılığından asılı olmayaraq bu imkan bütün millət vəkillərinə şamil edilsin. Bu təklifin aidiyyatı qurumlarla müzakirə və razılaşdırılmasını təklif edirəm!”
Deputat dövlət başçısının sərəncamı ilə koronavirusun səbəb olduğu zərərlərin qarşılanması üçün 1 milyard manat vəsait ayrıldığını xatırladıb:
“Bu vəsait dörd istiqamət üzrə xərclənəcək. İstiqamətlərdən birinin zərərçəkən vətəndaşlara birbaşa maddi yardım şəklində olması vacibdir. Dövlət işində, müəssisələrdə işləyənlər bir ay evdə qalsalar da, əməkhaqları saxlanılıb. Bu gözəldir. Amma 1 milyon 600 min nəfər muzdlu işçi və rəsmi olaraq da 5% işsiz var. Zənnimcə, işsizlərin sayı daha çoxdur. Hazırda onlar çətin sosial durumla üz-üzədirlər. Onun üçün də onlara aylıq yardımın verilməsi ən vacib məsələdir. İnanıram ki, hökumət müzakirələrinin sonunda bu məsələ ilə bağlı müsbət qərar veriləcək. Əlavə olaraq, işıq və qaz limitinin ən azından karantin müddəti ərzində aradan qaldırılması, ya da sərfiyyatın sıfırlanmasının müzakirəsinə ehtiyac var. Hər kəs evdə qaldığından sərfiyyat da iki-üç dəfə artacaq. Vətəndaşlar birmənalı olaraq bunu ödəməkdə ciddi çətinliklə üzləşəcəklər. Bank kreditlərinin də dondurulması yəqin ki, baş tutacaq. Karantin müddəti ərzində banklar kreditləri dondurmalıdır və bunu könüllü etməsələr, hökumətin işə qarışması mütləqdir. Fürsətdən istifadə edib, bir sıra iri mağaza və ticarət şəbəkələrinin əhalinin borcuna görə bildiriş göndərilməsini dayandırmasını alqışlayıram və bankları da eyni addımı atmağa səsləyirəm”.