Ölkə ərazasində koronavirus təhlükəsi ilə mübarizə çərçivəsində Nazirlər Kabineti yanında operativ qərargahın qəbul etdiyi qərarlar əsasında müxtəlif tədbirlər görülür.
AzBaku.org xəbər verir ki, qəbul edilən qərarlar çərçivəsində nazirliklər və aidiyyəti orqanlarda xüsusi iş qrafikləri təyin olunub.
Mövcud vəziyyətlə bağlı Müdafiə Nazirliyi tərəfindən yayılan məlumatda qeyd olunub ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının aprelin 1-dən başlayaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada ehtiyata buraxılması planlaşdırılır.
Nəzərə alaq ki, məktəblərin nə zaman başlayacağı və təhsil müddətinin nə zaman bitəcəyi vaxt bəlli deyil. Eyni zamanda, hərbi xidmətə çağırış müddəti də mayın 31-dən uzadılıb.
Bu vəziyyət Azərbaycan ordusunun döyüş qabiliyyətinə mənfi təsir göstərə bilərmi?
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda ordunun şəxsi heyətinin çox az faizini müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təşkil edir:
“Bütün döyüş təminatını müəyyən edən vəzifələrdə zabitlər, gizirlər, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları xidmət keçir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar nəticəsində peşəkar ordu formalaşıb. Milli Məclis tərəfindən hərbi xidmətə çağırış müddətinin mayın 31-dək uzadılması ordunun döyüş qabiliyyətinə heç bir təsir göstərməyəcək”.
Məlumatda müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması məsələsinə də aydınlıq gətirilib:
“Xüsusi karantin rejiminin tələbləri (mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti dayandırılsın) nəzərə alınmaqla, ordu sıralarından tərxis prosesinin aprelin 20-dən 25-dək həyata keçirilməsi planlaşdırılır.
Bu müddət ərzində ehtiyata buraxılacaq şəxsi heyət Müdafiə Nazirliyinin nəqliyyat vasitələri ilə mütəşəkkil qaydada müəyyən edilmiş marşrutlar üzrə şəhər və rayonlara çatdırılacaq”.
oxu.az)