İqtisadiyyat və idarəetmə fakültəsində tədris prosesi onlayn formada davam edir

Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Koronavirusla bağlı zəruri tədbirlərin görülməsilə əlaqədar dərslərin müvəqqəti dayandırıldığı nəzərə alınaraq Təhsil Nazirliyinin göstəriş və məsləhətlərinə uyğun olaraq Sumqayıt Dövlət Universitetində tədris prosesi onlayn formada təşkil olunmuşdur.

SDU-nun mətbuat xidmətidən AzBaku.org-a verilən məlumata görə İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Aynurə Yahyayeva bildirdi ki, bütün fakültələrdə olduğu kimi İqtisadiyyat və idarəetmə fakültəsinin tələbə və müəllim heyəti martın 12-dən etibarən WhatsApp üzərindən dərslər keçməyə başlamışdır. Dərslər universitetdə keçirilən dərs cədvəllərinə uyğun aparılır, mühazirə müəlliminin mühazirəsi WhatsApp qrupuna daxil olan tələbələrinin iştirakı ilə oxunulur. Mühazirə və məşğələ müəllimlərinin birgə işləməsi nəticəsində tələbələrə dərslər aydın şəkildə başa salınır.
Dekan onu da vurğuladı ki,tələbələr onlayn formada dərslərin təşkili üçün istifadə olunan “Zoom meeting online” və “Trueconf online” sistemlərindən sürətlə istifadə edir, universitetin Erasmus+ layihəsi çərçivəsində hazırlanmış moodle.sdu.edu.az sisteminə qoşulmuş, daha sonra isə Təhsil Nazirliyi Microsoft şirkətinin texniki dəstəyi ilə tədris prosesinin dayandırıldığı müddət ərzində təhsilalanlara təhsil proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsi və təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə “Microsoft Teams” platformasından istifadəyə start vermişdir. Hazırda Moodle sistemi ilə İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələrinin qeydiyyatı demək olar ki, başa çatdırılmışdır. I, II və III kurslarda 35 qrupa bütün tədris materialları paylanmış və tələbələr həmin materiallarla təmin edilmişdir. Bundan başqa universitet rəhbərliyinin tapşırığı ilə buraxılış kurslarında dövlət imtahan suallarının və I, II və III kurslarda 2019/2020 yaz semestrinin imtahanlarına düşən sualların saytlarda yerləşdirilməsi işi aparılır.
Təhsilin qiyabi istiqaməti üzrə I kursların yarımçıq qalmış dərsləri və aprelin 1-dən isə II və III kursların dərsləri də onlayn keçirilir. moodle.sdu.edu.az və Microsoft Teams proqramı ilə işlər indi də davam etdirilir. Bunun üçün universitet koordinatorlar qrupu yaradılmış və buradan əldə edilən göstərişlər dərhal müəllimlərə çatdırılır. Tyutorlar və qrup rəhbərləri bu işə cəlb edilmişdir.