Sumqayıt Dövlət Universitetinin bütün fakültələrində olduğu kimi Fizika və elektroenergetika fakültəsində tədris prosesi onlayn davam edir

Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Koronavirusla bağlı zəruri tədbirlərin görülməsilə əlaqədar dərslərin müvəqqəti dayandırıldığı nəzərə alınaraq Təhsil Nazirliyinin göstəriş və məsləhətlərinə uyğun olaraq Sumqayıt Dövlət Universitetinin bütün fakültələrində olduğu kimi Fizika və elektronergetika fakültəsində dərhal dərslərin distant keçirilməsi üçün işlərə başlanılmış, tədris prosesi onlayn formada təşkil olunmuşdur.

AzBaku.org xəbər verir ki, Fizika və elektroenergetika fakültəsinin dekanı dosent Tamella Əhmədova bildirdi ki, bu sahədə görülmüş işləri üç mərhələyə bölmək olar. Birinci mərhələdə qərara alınmışdır ki, WhatsApp ani mesajlaşma mübadilə sistemindən istifadə olunsun. Bu məqsədlə tədris qrupları və kafedralar üzrə WhatsApp işçi qrupları yaradılmışdır. Dərs cədvəlinə uyğun olaraq avvəlcədən təyin edilmiş tarixlərdə onlayn rejimində məşğələ dərsləri təşkil edilmişdir. Mühazirələrin mətnləri əvvəlcədən tələbələrə ötürülmüş və sual-cavab şəklində müzakirə edilmişdir. Bu zaman mühazirələrin Power Point proqramından istifadə edərək səsli təqdimatları da yaradılmışdır. Laboratoriya işlərinin yerinə yetirilməsi üçün metodik göstərişlər tələbələrə verilmiş və onlardan nəzəri hissələrin öyrənilməsi tövsiyyə edilmişdir. Bəzi laboratoriya işlərinin simulyasiya proqramlarından istifadə edilməsini nəzərə alaraq tələbələrə bu işləri yerinə yetirib hesabatlarını müəllimlərə təqdim edilməsi təklif olunmuşdur. Buna Güc elektronikası və intiqalın idarə edilməsi fənnindən laboratoriya işlərinin EWB simulyasiya proqramından istifadə edilməsini göstərmək olar. İkinci mərhələdə isə distant təhsilin təşkil edilməsi üçün nəzərdə tutulmuş Moodle sistemindən istifadə edilməyə başlanılmışdır. Fakültənin hər bir müəllimi və tələbəsi Moodle sistemində qeydiyyatdan keçmişdir. Bunun nəticəsində hər bir müəllim öz kurslarını yaratmış, tələbələr isə bu kurslara yazılaraq fənnə dair mühazirə mətnlərindən, məşğələ dərslərindən, laboratoriya işlərinin yerinə yetirilməsi üçün metodik göstərişlərindən, təqdimatlardan və s. tədris materiallarında istifadə etmək imkanı əldə etmişlər.
Üçüncü mərhələdə Təhsil Nazirliyinin tövsiyyəsi ilə daha çox imkanlara malik Microsoft Teams korporativ platformadan istifadə edilməsinə başlanılmışdır. Hal hazırda fakültənin hər bir müəllimi artıq qeydiyyatdan keçmişdir, tələbələrin qeydiyyatı isə sona çatır. Artıq qruplar üzrə bütün mühazirə, məşğələ və laboratoriya işləri yüklənmiş, bu gündən isə imtahan sualları yerləşdirilir. Tələbələrin elektron ünvanlarına materiallar göndərilib, müəllimlər cəvəl üzrə WhatsApp vasitəsi ilə tələbələr ilə əlaqə saxlayırlar . Platformanın üstün cəhəti video konfransların təşkil edilməsinin mümkünlüyüdür. Fakültənin əməkdaşları artıq belə bir sınaq konfrans keçirmişlər.