Polşa 19 apreldən etibarən koronavirus ilə əlaqədar ölkədə tətbiq olunan məhdudiyyətləri tədricən aradan qaldırmağa başlayacaq.
Bununla bağlı “RMF24” radiosu ölkənin Səhiyyə naziri Lukaş Şumovskiyə istinadən xəbər yayıb.
Nazir gələn bazar günü hansı məhdudiyyətlərin aradan qaldırılacağını dəqiq açıqlamayıb.
Onun sözlərinə görə, COVID-19 probleminin yaxın aylarda tamamilə həll olunacağına inanmaq üçün heç bir səbəb yoxdur:
“İyun və iyulda epidemiyanın bitəcəyini düşünmürəm. Təəssüf ki, il boyu virusla mübarizə aparacağıq”.
Polşa hökumətinin nümayəndəsi Peter Müllerin sözlərinə görə, çox güman ki, ticarətdə məhdudiyyətlər aradan qaldırılacaq. Xüsusilə, cümə axşamı günündən etibarən bütün polyaklar üzlərini ya maska və ya şarfla örtsələr, daha çox insana dükanlara girmək icazəsi verilə bilər. İndi maksimum bir kassada eyni vaxtda üç nəfər növbədə dayana bilər.
Meşələrə və milli parklara getmək məhdudiyyətlərinin aradan qaldırılması ehtimalı nəzərdən keçirilir.
Qeyd edək ki, Polşada 7049 nəfərdə koronavirus qeydə alınıb, 251 nəfər virusdan ölüb.