Abşeron rayon sakini Əbülfət Məmmədov 16.04.2020-ci il tarixdə polisə şikayət edərək etibarnamə ilə idarə etdiyi BMW markalı 99-RG-740 dövlət qeydiyyat nişanlı minik avtomobilinin rayon ərazisindən qaçırılması barədə məlumat verib.
DİN-in Mətbuat Xidmətindən Oxu.Az-a verilən xəbərə görə, daxil olmuş məlumat əsasında həmin nəqliyyat vasitəsinin 17.04.2020-ci il tarixdə saat 03:30 radələrində Binəqədi rayonu ərazisində hərəkətdə olması müəyyən edilib.
Dərhal ərazi üzrə xidmət aparan Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol-patrul xidməti inspektorları tərəfindən ona saxlama barədə işarə verilib. Lakin sürücü verilən işarəyə tabe olmayaraq, köməyə gəlmiş post-patrul xidmətinə məxsus “Fiat Doblo” markalı avtomobili vuraraq şəhər istiqamətinə hərəkətini davam etdirib.
Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən təqibi davam etdirilən avtomobil daha sonra Nərimanov rayonu ərazisində hərəkətdə olan “Hyundai” markalı 90-OH-051 dövlət qeydiyyat nişanlı digər bir avtomobili də vurub. Zərbə nəticəsində “Hyundai” markalı avtomobil həmin ərazidə piyada xidmət aparan YPX inspektorunu da vuraraq ona bədən xəsarəti yetirib.
Görülmüş operativ tədbirlər nəticəsində qaçırılmış avtomobil Nərimanov rayonu “Montin” qəsəbəsi ərazisində saxlanılıb. Araşdırma zamanı həmin avtomobili qaçıranın əvvəllər dəfələrlə məhkum olunmuş Ramazan Ağabəyov olduğu məlum olub.
Qeyd edək ki, sürücü saxalanılan zaman üzərindəki kəsici alətlə Binəqədi rayon DYPŞ-nin əməkdaşlarına müqavimət göstərərək onlara hücüm etməyə cəhd edib. Lakin polis əməkdaşların çevikliyi nəticəsində o, dərhal zərərsizləşdirilərək Binəqədi RPİ-nin 43-cü Polis bölməsinə təhvil verilib.
Araşdırma zamanı Ramazan Ağabəyovun aqaçırdığı avtomobili istifadə etdiyi narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub. Onu da qeyd edək ki, Ramazan Ağabəyovun paytaxt ərazisində törətdiyi ardıcıl qanun pozuntuları Təhlükəsiz Şəhər Kameraları vasitəsilə lentə alınıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.