AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlının xanımı Zümrüd Yağmurun mülklərinə həbs qoyulub.
Qaynarinfo xəbər verir ki, bu barədə Zümrüd Yağmur öz feysbuk hesabında paylaşım edib. O bildirib ki, boşanma prosesi çərçivəsində həyat yoldaşı Fuad Qəhrəmanlının tələbi ilə onun mülklərinə həbs qoyulub:
"Yaşadığım ev, adıma olan torpaq sahəsi və idarə etdiyim avtomobilin üzərinə həbs qoyulub, hətta maşının sürülməsi belə qadağan olunub. Hərçənd ki, buna ehtiyac yoxdur, çünki mülkün bölünməsinin vacibliyini bilirəm və qarşı tərəfə təklif etmişdim ki, ya bölgünü rəsmi qaydada edək, ya da öz aramızda razılaşma ilə... Öz aramızda həllin və mülkün satılıb əldə edilən gəlirin bölünməsinin daha məqbul olduğunu dedikdən sonra hər şey satışa çıxarılmışdı.
Amma sonradan hər şeyə həbs qoyulması qərarı ilə üz-üzə qaldım. Gözlənilməz idi, amma məsələ bu deyil. Açığı, heç vaxt maddiyyatçı olmamışam və hətta indi başqa bir yerdə yaşamaq imkanım olsa, bu evdən birdəfəlik imtina edə biləcəyimi də dəfələrlə söyləmişəm. Amma avtomobilin sürülməsinə qadağa qoyulması ən pisi idi, çünki mən şəhərdən xeyli uzaqda yaşayıram və qızım Sənay şəhərdə oxuyur, bütün hazırlıq kurslarına da şəhərdə gedir. Maşın mənə daha çox Sənayın məktəbə, kursa aparılması üçün lazımdır".
Zümrüd Yağmur bildirib ki, maşının idarə olunmasına qoyulmuş qadağanın götürülməsi üçün məhkəməyə müraciət edib.
"Lakin 15 apreldə mənim şikayət ərizəmə baxıb avtomobilin üzərindən həbsin götürülməsi iddiamı təmin etməyiblər", - deyə o qeyd edib.