Bakıda əczaçını hədələyərək, apteki talayan şəxs tutuldu - FOTO/VİDEO

Zabrat qəsəbəsindəki apteklərdən birində əczaçını hədələməkdə şübhəli bilinən şəxs saxlanılıb.


Oxu.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzinə aprelin 21-də axşam saatlarında Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən apteklərdən birində üzündə maska olan naməlum şəxsin əlində tapançaya oxşar alətlə əczaçını hədələməklə, 700 manat pulu quldurluq yolu ilə taladığına dair məlumat daxil olub.

Məlumat əsasında Bakı şəhər BPİ Cinayət-Axtarış İdarəsinin və 15-ci Polis Bölməsinin əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən, Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunmuş 1979-cü il təvəllüdlü İ.Paşayev müəyyən olunaraq tutulub.
Sabunçu RPİ İstintaq şöbəsində başlayan cinayət işi üzrə şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.