Repetitor yanına necə getməli? - “Müəllimlər də çaş-baş qalıb, şagirdlər də...” – Ekspert

“Şagirdlərin tədris və repetitor xidmətlərindən istifadə üçün 8103 vasitəsilə icazə almaları doğru addım deyil”.


Repetitor yanına necə getməli? - “Müəllimlər də çaş-baş qalıb, şagirdlər də...” – Ekspert


Bu fikirləri Yenicag.az-a açıqlamasında Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, bu gündən etibarən, fərdi tədris və repetitor xidmətlərinin bərpa olunmasına münasibət bildirən təhsil eksperti Elçin Əfəndi deyib.

Elçin Əfəndinin fikrincə, qəbul olunan qərarda bir sıra çatışmazlıqlar var:

“Birincisi, repetitor qrupları böyük və kiçik olmaqla, iki sahəyə ayrılır. Böyük qruplar 30-40 nəfərdən, kiçik qruplar isə 2 nəfərdən 30 nəfərə qədər insandan təşkil olunan birlikdir.

Səhiyyə Nazirinin müavini Vitali Qasımov bildirmişdi ki, insanlar kütləvi halda bir yerə yalnız 10 nəfər olmaqla, toplaşa bilər. Belə olduqda, qrup halında məşğələ ilə bağlı verilən qərar doğru addım deyil.

İkincisi, məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə, “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların sərbəst hərəkətinə icazə verilir.

Burada sırf müəllimlər də nəzərdə tutulur ki, onları məktəbdə və ya özəl təhsil müəssisələrində işlədikləri halda, işəgötürən şəxs qeydiyyata almalıdır. Burada artıq işəgötürənin o işçi ilə əmək müqaviləsi bağlaması tələbi ortaya çıxır.

O halda “icaze.e-gov.az” portalında müəllimlər qeydiyyata alınır. Sonra onlara icazə verilir və bu zaman müəllimlər rahat şəkildə (sms icazəsiz) hərəkət edə bilərlər. Əgər müəllimin işəgötürəni olub-olmamasından asılı olmayaraq, qeydiyyatda deyilsə, o zaman özü vergi ödəyicisi kimi qeydiyyatdan keçməlidir. Bu vəziyyətdə isə müəllimlər vergi ödəyicisi qismində əziyyətə salınacaqlar.

Üçüncüsü, ixtiyari bir şagird ən azı eyni gündə iki müəllim yanına hazırlığa getmək üçün 8103-dən icazə almalıdır. Lakin 3 saat müddətində iki müəllimin yanına hazırlığa getmək mümkün deyil”.

Elçin Əfəndi vurğulayıb ki, əslində, fərdi tədris və repetitor xidmətləri saat 10:00-dan 18:00-dək bərpa olunmalı idi:

“Belə ki, şagirdlər üçün xüsusi şifrə təyin olunmalıdır. Məsələn, onlara F yazaraq, ən azı 5 saatlıq icazə almaq imkanı yaradıla bilərdi. Müəllimlərin adını isə xüsusi portalda sadə qeydiyyatla tənzimləmək mümkün idi. Mövcud şəraitdə isə müəllim də, şagird də çaş-baş qalıb”.