Xüsusi karantin rejimi dövründə Heydər Əliyev Fondu tərəfindən həssas kateqoriyadan olan ailələrə ərzaq məhsullarından ibarət bağlamalar paylanılır.
Baku.Tv xəbər verir ki, Ucar rayonu Yuxarı Şilyan kənd sakinlərinin iddiasına görə, Fond tərəfindən keçirilən sosial aksiya bütün rayon və kəndləri nəzərdə tutduğu halda, onlara yardım verilməyib.
Sakinlərin sözlərinə görə, buna səbəb yerli icra nümayəndəliklərinin siyahını düzgün tərtib etməməsidir. Bu isə bir çox aztəminatlı ailənin narazılığına səbəb olur. Onlar bildirirlər ki, kəndin icra nümayəndəsi göndərilən yardımı mənimsəyərək, öz qohumlarına paylayır.
Məsələ ilə bağlı Ucar rayon İcra Hakimiyyəti başçısının Yuxarı Şilyan kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Cabir Hacıyev Baku Tv-yə bildirib ki, iddialar əsassızdır: “Şikayət edən sakinlərin hər biri dövlət büdcəsindən pul alır və həmin ərzaq payı onlara düşmür. Kənddə 100-dən çox imkansız ailəyə bu yardımlar paylanılıb”.