Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası Azərbaycana 10 min tibbi maska hədiyyə edib - FOTO

Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri öz vəsaitləri hesabına alınmış 10000 tibbi maskanı Azərbaycana hədiyyə edib.

AzBaku.org xəbər verir ki, Azərbaycan ali təhsil ocaqlarının vyetnamlı məzunlarını özündə birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının üzvlərinin vəsaitləri hesabına alınmış maskalar ötən gün ölkəmizin Vyetnamdakı səfirliyinə təqdim edilib.

Bununla bağlı təşkil olunan tədbirdə çıxış edən Vyetnam Sosialist Respublikası Milli Assambleyasının (Parlament) deputatı, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədri Nghiem Vu Khai rəsmi Hanoyun Azərbaycan ilə Vyetnam arasında münasibətlərin bütün spektri üzrə əməkdaşlığın genişləndirilməsinə əhəmiyyətli dərəcədə önəm verdiyini diqqətə çatdırıb.

Nghiem Vu Khai səmimi dostluq münasibətlərinin inkişafında xalq diplomatiyasının müstəsna rol oynadığını, ötən əsrin ikinci yarısında minlərlə vyetnamlının yüksək tədris standartlarına malik Azərbaycan təhsil ocaqlarının məzunu olaraq, ölkəsinin bu günkü sürətli və hərtərəfli inkişafında böyük rol oynadıqlarını bildirib.

2017-ci ildə Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalına layiq görülmüş Nghiem Vu Khai təhsil aldıqları illərdə onlara Azərbaycan hökumətinin etdiyi köməkliyə və xalqımızın nümayiş etdirdiyi qonaqpərvərliyə görə dərin təşəkkürünü bildirib. O, bunların Vyetnam xalqının yaddaşında əbədi həkk olunduğunu qeyd edib.

COVID-19 pandemiyasının dünyanın bütün dövlətlərinə problem yaratdığını bildirən Nghiem Vu Khai yaranmış vəziyyətdə rəhbərlik etdiyi Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının üzvlərinin ikinci vətəni hesab etdikləri Azərbaycana yardım etmək arzularını ifadə etdiklərini və topladıqları vəsaitə alınmış tibbi maskaları hədiyyə edərək, ölkəmizə sevgi və etiramlarını bir daha nümayış etdiklərini, iki ölkə və xalq arasındakı münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edəcəyini diqqətə çatdırıb.

Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov Azərbaycanla Vyetnam arasında zəngin tarixi keçmişə əsaslanan səmimi dostluq əlaqələrinin son illər sürətli və hərtərəfli şəkildə inkişaf etdiyini bildirib.

Ökə prezident Ho Chi Minhin 1959-cu ildə Azərbaycana və müasir dövlətimizin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin isə 1983-cü ildə Vyetnama səfərləri ilə bu münasibətlərin möhkəm təməlinin qoyulduğunu xüsusi vurğulayıb.

Səfir həm də əlaqələrin müasir tarixindən bəhs edərək, 2014-cü ilin mayında Azərbaycan Prezident İlham Əliyevin Vyetnama dövlət səfərinin ölkələr arasındakı münasibətlər tarixində yeni səhifə açdığını və əlaqələrin bütün sahələr üzrə inkişafına güclü təkan verdiyini bildirib.

Eyni zamanda, A.İmanov 2015-ci ilin mayında Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın ölkəmizə rəsmi səfərinin Azərbaycan-Vyetnam münasibətlərinin tarixində vacib hadisə olduğunu və iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə münbit şərait yaratdığını əlavə edib.

A.İmanov COVID-19 koronavirus infeksiyasının sürətlə yayılması ilə bağlı bütün dünya ölkələrinin keçdiyi mürəkkəb dövrdə yalnız birgə əməkdaşlıq nəticəsində bu pandemiyanın üzərində qələbənin qazanılmasının mümkünlüyünü xüsusi vurğulayıb.

Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası tərəfindən təqdim edilən tibbi maskalarla bağlı təşkilata dərin təşəkkürünü bildirib.

Səfir bu addımın Azərbaycan təhsil ocaqlarının vyetnamlı məzunlarının ölkəmizə bağlı olduğunun və Azərbaycan-Vyetnam xalqları arasındakı həqiqi dostluğun göstəricisi kimi qiymətləndirildiyini ifadə edib.

/oxu.az/