Sumqayıtda vətəndaşlar ödənişli ictimai işlərə cəlb olunur.
Turkustan.info xəbər verir ki, Sumqayıt şəhər Məşğulluq Mərkəzinin direktoru Elxan Bədəlov Xeberle.com-a açıqlamasında bildirib ki, bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İŞ Mərkəzi vasitəsilə aprel-may ayları üzrə Sumqayıt şəhərində yaradılan 4000 ictimai iş yerləri ilə təmin olunmaq üçün Məşğulluq Mərkəzinə 1200 müraciət daxil olub və işlə təmin olunublar.
Yeni yaradılan iş yerləri əsasən dezinfeksiya işlərinin aparılması, həssas qruplara sosial xidmətlərin göstərilməsi, karantin dövründə ehtiyaclı ailələrə maddi yardımların çatdırılması, eləcə də abadlaşdırma, yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s. kimi sahələri əhatə edir.
Aylıq əmək haqqı isə, minimum əmək haqqı, yəni 250 manat nəzərdə tutulub:
“Sumqayıt şəhər Məşğulluq Mərkəzi sakinlərinin diqqətinə çatdırır ki, karantin rejimi dövründə işsiz qalmış şəxslər ödənişli ictimai işlərə cəlb olunmaları ilə bağlı Məşğulluq Mərkəzinə zəng edə (64-2-02-57. 64-2-02-17. 64-2-19-07) və ərazi Mənzil İstismar Sahələrinə müraciət edə bilərlər”.
Qeyd edək ki, ödənişli işlərə başlamaq istəyən işsizlər qeydiyyatda olduqları şəhər və ya rayon məşğulluq mərkəzlərinə müraciət etməlidir. Hazırda işsizlərin ictimai işlərə cəlb olunma prosesi davam edir.
DOST İş Mərkəzi ilə ödənişli ictimai işlərə cəlb olunan şəxslər arasında əmək müqaviləsi bağlanılaraq elektron sistemdə qeydiyyatdan keçirilərək rəsmiləşdirilir.
Xatırladaq ki, ölkə başçısı İlham Əliyevin müvafiq tapşırığına əsasən, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluğunun artırılması, işsizlik səviyyəsinin minimuma endirilməsi məqsədilə respublikanın bütün şəhər və rayonlarında olduğu kimi Sumqayıt şəhərində də sakinlərin ödənişli ictimai işlərə cəlb olunması tədbirlərinə başlanılıb.