Tovuz rayonunun Aşağı Quşçu kənd sakinləri min bir əziyyətlə becərdikləri yüzlərlə ton məhsulu mart-aprel aylarında satmağı planlaşdırsalar da, məlum karantin səbəbindən kəndin 15 nəfərə yaxın sakininin şəxsi əkin sahələrində becərib topladığı üzüm soyuducu anbarlarda qalıb.
Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov Baku.Tv-yə bildirib ki, vətəndaşlar tərəfindən üzüm satışının təşkili ilə bağlı “Aqrar Tədarük və Təchizat” ASC-yə müraciət edilib:
“Araşdırılma aparılıb və hazırda tələbat olmadığına görə, bu məhsulun tədarükü uyğun sayılmayıb. Aprel ayında üzümə tələbat azdır və bu səbəbdən hər hansı bir vətəndaşın anbarda saxladığı məhsulun satışına heç kəs cavabdeh deyil”.
Qeyd edək ki, xüsusi karantin rejimi dövründə fermerlərin öz məhsulunu paytaxtda, eləcə də digər şəhərlərə çıxarıb bazarlarda satması üçün heç bir əngəl yoxdur.