Bakıda bu küçələrdə yol genişləndiriləcək - VIDEO

Bakıda bu küçələrdə yol genişləndiriləcək - VIDEO









Paytaxtın mərkəzi hissəsində nəqliyyat axını üçün vacib olan 4 küçədə təmir işləri davam etdirilir. Hazırda Sabit Orucov, Nizami, Mehdi Mehdizadə və 28 May küçələrinin bir hissəsinin genişləndirilməsi və sözügedən küçələrin Yusif Səfərov küçəsi ilə kəsişməsinin təmin edilməsi məqsədilə genişmiqyaslı yenidənqurma işləri aparılır.
Əsas işlər Mehdi Mehdizadə küçəsində gedir. Burada müəyyən hissələrdə yol enləndirilərək zolaqların sayı artırılıb.
Mehdi Mehdizadə küçəsinə paralel olan Sabit Orucov küçəsində də genişləndirmə işlərinə başlanıb. Genişləndirmə zamanı Nizami və Sabit Orucov küçələrində ümumilikdə 23 ağac layihənin üzərinə düşüb.
28 may küçəsində təmir işləri isə artıq yekunlaşıb. Burada istifadə olunmayan və yolun daralmasına səbəb olan dəmiryol körpüsü tam sökülüb. Nəticədə küçənin sözügedən hissəsində hərəkət hissəsi 2 zolaqdan 4 zolağa genişləndirilib, yolun kənarları abadlaşdırılıb. Mövcud piyada səkiləri bərpa olunub, işlərin aparıldığı ərazi boyu yeni səki daşları düzülüb, yeni asfalt-beton örtüyü döşənib. Daha sonra zəruri olan yerlərdə yeni yol nişanları quraşdırılıb
Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü Anar Nəcəfli deyir ki, layihənin sonuncu mərhələsində Sabit Orucov, Nizami, Mehdi Mehdizadə və 28 May küçələrinin Yusif Səfərov küçəsi ilə kəsişən hissəsində yeni yol qovşağı yaradılacaq.
Qeyd edək ki, Yusif Səfərov küçəsinin sözügedən küçələrlə kəsişən hissələrində nəqliyyat qovşağının yaradılması ərazidə yarana biləcək tıxacların qarşısının alınmasına və nəqliyyat vasitələrinin hərəkətinin intensivliyinin təmin edilməsinə imkan verəcək.