“Bakı Metropoliteni” rəsmisi: “Karantin qaydalarına nəzarət çətinləşib”

“Bakı Metropoliteni” rəsmisi: “Karantin qaydalarına nəzarət çətinləşib”










“İlk həftə ərzində sərnişinlərin sayı xeyli az olduğu üçün sosial məsafəni saxlamaq çox rahat idi”.
AzBaku.org xəbər verir ki, bu barədə “Bakı Metropoliten” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Xəzər TV”nin efirində yayımlanan “Xəzər Səhər” proqramında qonaq olarkən deyib.
O bildirib ki, sərnişin sayının artması metropolitendə insanlar arasında sosial məsafənin qorunmasını bir qədər çətinləşdirib:
“Mayın 9-dan metropoliten öz fəaliyyətini bərpa edib. Həmin həftə sərnişinlərin sayı o qədər az idi ki, hətta iki metrdən daha artıq sosial məsafə saxlamaq olurdu. Lakin vətəndaşların yaşayış yerlərini SMS icazə vasitəsilə tərk etmələrinə dair qadağa ləğv olunduqdan sonra metropolitendən istifadə edənlərin sayı artıb.
Bu da təbii olaraq, sərnişinlər arasında karantin qaydalarına nəzarəti bir qədər çətinləşdirir. Ümumilikdə, nisbətən artım müşahidə edilsə də, bu artım metronun normal günlərdə gündəlik sərnişin sayından çox deyil. Çünki bizim sərnişinlərimizin çoxunu tələbələr təşkil edirdi.
Hər halda, sosial məsafənin qorunması və tibbi maskaların taxılması zəruri olaraq qalır. Sərnişinlərin tibbi maskaları çıxarıb ciblərinə qoymamaları, qatarlarda oturacaqlara qoyulan işarələrə əməl etmələri xahiş olunur”./oxu.az/