#Biz bir yerdə güclüyük #evdəyəm
05 .06.2020-ci il tarixdə sərt karantin qaydaları tətbiq olunana qədər şəhərdə monitorinq keçirdik. Məqsəd vətəndaşların karantin qaydalarına əməl etmələrını və ərzaq məhsullarına tələbatın yetərliliyini yoxlamaq idi. Mağazalardan insanların bəlkə də bir aylıq ərzaq tədarükü ilə çıxdıqlarının şahidi olduq. On beş mağaza gəzdik və eyni vəziyyətlə rastlaşdıq.Acınacaqlı hal çörəklə bağlı yaşandı. Gündəlik 1-2 çörək istifadə edən vətəndaşlarımız 5-10 çörək aldıqlarından qıtlıq yaranmışdı. Bu qıtlıqda da çörəyin piştaxtalara gətirilməsi ilə 20-30 nəfərin sosial məsafəni gözləmədiklərinin şahidi olduq. Mağazalarda maskasız və heç bir gigiyenik qaydaları gözləmədən həm öz həm də digər vətəndaşların həyatını təhlükəyə atanların ora daxil olmasının qarşısını almaq əvəzinə iri marketlər istisna olmaqla digər ərzaq mağazalarında qanunlara riyaət olunmadığının gördük.
COVİD-19 başlayan gündən bircə an da ərzaq qıtlığı yaşanmadığının şahidi olduğumuz halda mağazalara belə hücumlar anlaşılan deyil. Çünki çörəyi evdə də bişirmək olur. Gələn xəbərlərdə çörək maşınlarına hücum edərək pulsuz çörək oğurluğunun da olduğu qeyd olunur. Bilirsiniz ki, müharibəyə cəlb olunmuş ölkəyik. Hər bir hərəkətimiz nəzarət olunur. Müharibə başlayarsa onda biz özümüzü necə apararıq.Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün movcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir.
Hazırda ictimai nəzarət və ictimai qınaq vacib şərtdir. Xəstəliklə mübarizə tədbirlərinə, karantin rejimi qaydalarını pozanlara qarşı hamı səfərbər olmalıdır.Hələ COVİD-19-la bağlı ölkə rəhbəri qabaqlayıcı tədbirlərə start verərkən qeyd etmişdi ki, ərzaq və digər məsələlərdə heç bir problem olmayacaq. İki ay ərzində biz bunun şahidi olduq ki, ölkədə ərzaq qıtlığı yaşanmadı.Sadəcə kiçik zaman kəsiyində maska probleminin şahidi olduq. Bu da tez bir zamanda aradan qaldırıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edi. Bunlar dövlətin vətəndaşına qayğısıdır. Ona görə də hər birimiz ictimai məsuliyyətimizi dərk edərək sərt karantin qaydalarına əməl etməliyik ki, doğmalarımızı və yaxınlarımızı riskə atmayaq. #Biz bir yerdə güclüyük.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Nazirlər Kabinetinin xüsusi karantin rejiminin sərtləşdirilməsi və həftəsonu günləri üçün tətbiq etdiyi məhdudiyyətlərlə əlaqədar #evdəyəm adlı ictimai kampaniyaya qoşulmağa çağırdı. Şura bütün QHT-ləri, jurnalistləri və sosial şəbəkə fəallarını bu kampaniyaya qoşulmağa və vətəndaşları Nazirlər Kabinetinin pandemiya ilə bağlı bütün qərarlarını qeyd-şərtsiz yerinə yetirməyə çağırdı. Bununla bağlı bütün sosial şəbəkə fəallarını #evdəyəm haştağı ilə vətəndaşları evdən çıxmamağa təşviq edən çağırışlar (status, tvit, foto-video paylaşımlar və s.) etməyə dəvət etdi. Əsgər Ailələrinə Dəstək ictimai birliyi bir daha hamının sosial məsuliyyəti dərk edərək özünü, yaxınlarınıv digər vətəndaşları qorumaq üçün tələb olunan sanitar-gigiyenik qaydalara və tələblərə ciddi riayət etməyi xahiş edir.
Müstəqil jurnalist,
Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızı