İki nəhəngin torpaq davası: Hindistan və Çin nəyi bölə bilmir? - TƏHLİL
Hindistan-Çin sərhədində baş verən qarşıdurma nəticəsində Hindistan ordusunun üç hərbçisi həlak olub. İlkin məlumatlara görə, Çin ordusu toqquşmada beş hərbçisini itirib. Rəsmi məlumatda qeyd olunur ki, bazar ertəsi günü Ladax rayonunun Qaluan vadisində şiddətli toqquşma baş verib.
Çin hökuməti isə Hindistan tərəfini sərhədi pozaraq, Çin ordusuna hücumda ittiham edib.
Çin XİN-nin sözçüsü Hindistan ordusu hərbçilərinin iki dəfə sərhədi pozduğunu bildirərək, çinli hərbçilərə hücum və onları təxribata çəkmək cəhdinin qarşıdurmaya səbəb olduğunu qeyd edib.
Lakin məlum olub ki, hadisə yeni deyil. Hindistan tərəfi bildirib ki, may ayında Çin ordusu üç istiqamətdən Lakax rayonuna daxil olaraq, burada postlar qurub. Hindistan tərəfinin hərbçilərin çəkilməsi ilə bağlı dəfələrlə etdiyi xəbərdarlıq isə nəticəsiz qalıb.
Çin ordusu ərazidə 100 çadır qurub, Panqonq Tso gölündə isə patrul katerlərinin sayı artırılıb. Bundan sonra hər iki dövlət Ladax rayonunda yer alan Demçok, Çumar, Davlat Bey Oldie, Qaluan vadisi və Panqonq Tso gölü ətrafına əlavə hərbi qüvvə yerləşdirib.
Əgər iki böyük dövlət dil tapa bilməsə, sərhəddə yeni müharibə başlaya bilər. 3,5 min kilometrə yaxın sərhədə malik olan Çin və Hindistan bundan əvvəl 60-cı illərdə müharibə ediblər. Amma iki ölkənin 1488 kilometrlik sərhəd xəttində bu cür mübahisəli ərazilərin sayı bir deyil.
Hazırda rəsmi Pekin “Cənubi Tibet” adını verdiyi Hindistanın Arunaçal Pradeş əyalətində 90 min kvadrat kilometr əraziyə iddia edir. Hindistan hökuməti isə 38 min kv.km-lik Aksay-Çin ərazisinə iddia edir. Bu səbəbdən də zaman-zaman iki ölkə arasında sərhəd toqquşmaları baş verir. Hazırda iki ölkə arasında müharibə riski daşıyan iki riskli bölgə var. Bunlar hazırda gərginliyin yaşandığı Tibet və Kəşmir regionlarıdır.
Hazırda mübahisə mövzusu olan və 2017-ci ildə iki ölkə hərbi qüvvələri arasında toqquşmaya səbəb olmuş Sikkim regionu Butan və Nepal arasında yerləşən dağlıq ərazidir. Hindistan hökumətinin burada məbədə yol çəkməsi iki ölkə arasında gərginliyi alovlandırıb. Əslində isə bu region 1962-ci ildə iki ölkə arasında müharibəyə səbəb olub. Həmin ilin oktyabr-noyabr aylarında davam edən 31 günlük müharibədən sonra Çin və Hindistan arasında razılaşma əldə olunub. Hindistanın Tibeti Çin ərazisi olaraq tanıması qarşılığında Pekin Sikkim regionunu Hindistan ərazisi olaraq qəbul edib. Lakin ərazi üzərində mübahisələr davam edib.
Üç il əvvəl isə Çinin ərazidə yol tikintisi aparması iki ölkə arasında gərginliyin yüksəlməsinə səbəb olmuşdu. Bu ərazi həm də mühüm strateji əhəmiyyətə malikdir. Sikkim vadisindən Banqladeşə və Benqal körfəzinə ən qısa məsafə mövcuddur. Sikkim vilayətinə nəzarət Çin üçün Banqladeşə ən yaxın yolu ələ keçirməsi deməkdir. Bu səbəbdən də zaman-zaman Sikkim rayonunda toqquşmlar baş verir.
Ümumilikdə isə Pakistan-Hindistan-Çin sərhəd üçbucağında yerləşən Kəşmirin mübahisəli əraziləri də daxil olmaqla 3488 kilometrlik Hindistan-Çin sərhədində mübahisəli ərazilərin sayı çox və böyükdür. Pekin “Cənubi Tibet” adlandırdığı, hazırda Hindistanın nəzarətində olan Arunaçal Pradeş əyalətində yerləşən 90 min kv.km əraziyə iddialıdır. Hansı ki, bu ərazi bir çox dövlətlərin ərazisindən daha böyükdür. Mümkündür ki, Çin məhz Sikkim əyalətinə nəzarəti ələ almaq üçün Şərqi Tibet iddialarını ortaya atır.
İstənilən halda hazırda hər biri milyard yarıma yaxınlaşan əhalisi və güclü iqtisadiyyatı ilə dünya nəhəngi olan Hindistan və Çinin qarşıdurmaya getməsi bütövlükdə region üçün ciddi risk daşıyır. Üstəlik iki ölkənin nüvə silahına sahib olması faktoru da nəzərdən qaçmamalıdır.
İndiki halda isə hansı tərəfin bu münaqişənin qızışmasında maraqlı olduğu hələlik məlum deyil. Hindistanda son illərdə aqressiv milliyyətçiliyin güclənməsi tendensiyası ilə yanaşı Çinin “açılım” siyasəti qarşı-qarşıya gəlir, bura kənar qüvvələrin də maraqlarını əlavə edəndə mürəkkəb olduğu qədər də təhlükəli bir kombinasiya yaranır.