Pandemiya ilə mübarizədə Azərbaycan: Göstəricilər nə deyir?
Koronavirus pandemiyasının davam etməsi, eləcə də son zamanlar karantin tədbirlərinin yumşaldılması nəticəsində yoluxmaların artması hökumətin fəaliyyəti ilə bağlı tənqidlərə səbəb olub. Tənqidlər əsasən karantin və məhdudiyyətlərin nizamsız təşkil olunması, müalicə işinin təşkilindəki neqativ hallar və bunun nəticəsində yoluxma sayının artması ilə bağlı olur.
Əlbəttə, bu tənqidlərin bəzilərində haqlılıq payı var. Xüsusən də tibb müəssisələrinin fəaliyyəti, təchizat, koordinasiya ilə bağlı faktlara əsaslanan şikayətlər mövcuddur. Bunları görməmək, şikayətləri inkar etmək mümkün deyil. Aydın məsələdir ki, çatışmazlıqlar var və bunlar bir çox hallarda faciəvi nəticələr doğurur. Lakin nəzərə almaq lazımdır ki, hazırda planeti cənginə almış koronavirus pandemiyası var və 100 ildə bir olan bu miqyasda kütləvi xəstəlik yalnız Azərbaycanda deyil, dünyanın inkişaf etmiş, mükəmməl səhiyyə sistemi olan, ciddi tibbi və sosial infrastruktura malik ölkələrini belə çətin vəziyyətə saldı. Dünya ölkələri bu xəstəliyə, necə deyərlər, hazırlıqsız yaxalandı.
Azərbaycan isə koronavirus pandemiyası ilə ölkədə ciddi siyasi islahatların aparıldığı həssas bir dövrdə qarşılaşdı. Hansı ki, hökumət, eləcə də səhiyyə sistemi yenidən formalaşırdı. Üstəlik səhiyyə sisteminin vəziyyəti pandemiya üçün hazır deyildi. Lakin buna baxmayaraq, dövlət səviyyəsində səfərbərlik elan olundu, ciddi addımlar atıldı.
İkinci tərəfdən, son zamanlar Azərbaycandakı vəziyyəti tənqid edənlər xarici ölkələrlə müqayisə edir, bizdəki yoluxmaların sayının sürətlə artmasını məhz yerli fəaliyyətlərlə əlaqələndirməyə çalışırlar. Əlbəttə, yuxarıda da qeyd olunduğu kimi, bu tənqidlərdə müəyyən həqiqət payı vardı. Xüsusən də səhiyyə və tibbi infrastrukturla bağlı tənqidlərdə haqlı məqamlar yox deyil. Lakin, bu tənqidlərdə bir çox hallarda məqsədli şəkildə faktlar təhrif olunur. Bu təhriflərin bəzisini qeyd edək.
Əvvəla, Azərbaycanı Gürcüstanla müqayisə edirlər. Gürcüstanda xəstəliyə yoluxanların sayının az olmasını bu ölkənin daha yaxşı hazırlığı ilə izah edirlər. Ancaq bu zaman bəzi obyektiv amillər nədənsə “unudulur”. İlk növbədə Gürcüstanın əhalisinin sayı Azərbaycandan azdır. Gürcüstan əhalisinin sayı rəsmi olaraq 3,7 milyon nəfərdir.
İkincisi, Gürcüstan Azərbaycan qədər “risk qrupunda” olmayıb. Gürcüstanın əsas gediş-gəliş olduğu Türkiyə, Rusiya kimi ölkələrdə koronavirusun yayılması nisbətən gec oldu. Ancaq Azərbaycan virusun ən çox və ilk yayıldığı üç ölkədən ən azı ikisi - Çin və İranla sıx gediş-gəlişə malik idi. İran ilk aylarda Çindən sonra virusun ən çox yayıldığı ölkə idi və dünya ölkələri, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı pandemiya elan edənədək artıq bu ölkədə minlərlə insan yoluxmuşdu. Nəzərə almaq lazımdır ki, il ərzində bir milyondan çox azərbaycanlı İrana səfər edir. Bu, təxminən ayda 100 min nəfərdən bir qədər az edir. Yəni İranda rəsmi olaraq, koronavirusun aşkar edildiyi fevralın əvvəlindən Azərbaycanın bu ölkə ilə sərhədləri bağladığı 29 fevrala qədər (nəzərə almaq lazımdır ki, bundan sonra da çoxlu sayda azərbaycanlı geri qayıtdı – red.) minlərlə insan İrana gedib, geri qayıdıb. Yəni Azərbaycanın koronavirusdan qorunması imkanları təbii olaraq, Gürcüstana nisbətən çox az olub.
Pandemiyaya yoluxanların və ölümlərin sayına gəlincə, Azərbaycanda hazırda koronavirusa yoluxan şəxslərin sayı 11300 nəfəri ötüb. Bu, ümumi əhalinin 0,011 faizi deməkdir. Yeddi mindən çox insan sağalıb, altı min nəfərə yaxını isə müalicəsini davam etdirir. Xəstəliyə yoluxanlardan 161 nəfər isə dünyasını dəyişib. Nümunə üçün dünyanın ən qüdrətli ölkəsi olan ABŞ-a nəzər salaq: Bu ölkədə 2,39 milyon insan yoluxub və 122 min nəfər, yəni ümumi yoluxanların beş faizdən çoxu dünyasını dəyişib.
Qayıdaq dünyadakı Azərbaycan kimi ölkələrin statistikasına... Məsələn, dünyada ən mükəmməl səhiyyə sisteminə malik ölkələrdən biri olan İsrailin 8,8 milyon əhalisi var. Hazırda bu ölkədə 21 min nəfərdən çox insan koronavirusa yoluxub. Və ən son məlumata əsasən, 307 nəfər dünyasını dəyişib. Və yaxud 11,4 milyon əhalisi olan inkişaf etmiş Avropa ölkəsi Belçikada 60 mindən çox insan koronavirusa yoluxub və onlardan bu günə qədər 9,6 min nəfəri dünyasını dəyişib. Yaxud da 10 milyon, yəni Azərbaycan qədər əhalisi olan Portuqaliyada bu günə qədər 39 min nəfərdən çox insan yoluxub və onların 1,5 min nəfəri dünyasını dəyişib. Yaxud da 10 milyon əhalisi olan və pandemiayya qarşı ciddi fərqli mübarizə metodu seçən İsveçdə hazırda 59 min insan xəstəliyə yoluxub, 5 mindən çox insan dünyasını dəyişib. Bu məlumatlara yerli və beynəlxalq informasiya portallarında baxıb, müqayisə etmək mümkündür.
Yəni göründüyü kimi, koronavirus pandemiyasından heç bir ölkə, hətta dünyanın ən mükəmməl səhiyyə sisteminə malik dövlətləri belə sığortalana bilməyib. Üstəlik hazırkı nəticələrdən də göründüyü kimi… Azərbaycan coğrafi risklərə rəğmən xəstəliyi kifayət qədər nəzarətdə saxlaya bilib və itkilər də nəzərəçarpacaq qədər azdır.
Əlbəttə, daha aşağı nəticələrə də nail olmaq mümkündür. Bunun üçün müvafiq qurumların daha çox səfərbər olması, planlı tədbirlər və əhalinin karantin rejiminə, mühafizə tədbirlərinə əməl etməsindən gedir. Çünki ortada mükəmməl Cənubi Koreya nümunəsi də var. Bu mənada Azərbaycanı ideal olmasa da, hazırkı şərtlərdə koronavirus pandemiyasına qarşı mübarizədə müsbət göstəricilərə malik ölkələr sırasında qeyd etmək olar. Daha yaxşı nəticə üçünsə, müvafiq qurumların daha ciddi fəaliyyəti və eyni zamanda cəmiyyətin isə qoyulmuş qaydalara, karantin və xəstəlikdən qorunma təlimatlarına əməl etməsi lazımdır. Pandemiya göstərdi ki, ölkələrin bu xəstəliyə qarşı effketiv mübarizəsi həm dövlət qurumlarının, həm də vətəndaşların səfərbərliyindən keçir. Ayrılıqda xalq və ya rəsmi qurumları günahkar elan etmək əsassızdır.