Tural Sadıqov: “Gün gələcək, dünyamızı COVID-19 adlanan böyük bəladan qurtaracağıq”
Bu gün koronavirusa yoluxmuş ən ağır xəstələr Mərkəzi Gömrük Hospitalının Reanimasiya və İntensiv Terapiya şöbəsinə daxil olurlar. Bu şöbənin əməkdaşları bir komanda halında birləşərək, virusla mübarizəyə qoşulub əsl fədakarlıq nümayiş etdirir, böyük risk altında gərgin rejimdə işləyirlər.
Oxu.Az xəbər verir ki, xəstəxananın reanimatoloqlardan biri - Mərkəzi Gömrük Hospitalının Reanimasiya və İntensiv Terapiya şöbəsinin rəisi, anestezioloq-reanimatoloq Tural Sadıqovdur.
Tural Sadıqov 2007-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirdikdən sonra 2007-2008-ci illərdə akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində həkim-intern kimi çalışıb. Əmək fəaliyyətinə 2009-cu ildən dövlət və özəl tibb müəssisələrində həkim-anestezioloq kimi başlayıb.
2014-cü ildən Mərkəzi Gömrük Hospitalında Reanimasiya və İntensiv Terapiya şöbəsinin rəisi, anestezioloq-reanimatoloq kimi çalışır. Şöbə rəisi həmişə öz komandasına dəstək olub və işlərinə görə məsuliyyət daşıyıb. Özünə qarşı çox tələbkar olan Tural həkim öz üzərində daim işləyir, biliklərini təkmilləşdirir, müxtəlif elmi konqreslərin işində yaxından iştirak edir.
2019-cu ildə Türkiyənin ən nüfuzlu tibb ocaqlarından biri - Florence Nightingale Xəstəxanalar Qrupunda təkmilləşdirmə kursu keçib. O, bütün fəaliyyəti dövründə ağır xəstələri müalicə edib, mürəkkəb cərrahi əməliyyatlarda anestezioloq kimi çalışıb.
Mərkəzi Gömrük Hospitalı ilk koronaviruslu xəstələri qəbul edən andan Tural Sadıqov ön cəbhədədir - ən ağır xəstələr məhz Hospitalın bu şöbəsinə daxil olur. Yəqin ki, işin ağırlığından, gərginliyindən danışmağa ehtiyac yoxdur. Tural həkim ailəsindən uzaqdadır, əzizləri onun yolunu gözləyir. Ən çox isə övladları: beş qızı və bir oğlu üçün darıxır. Amma o, nə doğmalarından uzaq düşməsindən, nə narahat geyimindən, nə işin fasiləsizıiyindən şikayət etmir.
Tural Sadıqov deyir ki, bunlar hamısı müvəqqəti çətinliklərdir: “Ailəmi görmürəm, ancaq gecələr telefonla danışırıq. İndi bir arzum, bir niyyətim var: hər gün mənə böyük ümidlə dikilən, imdad diləyən gözlərə həyat eşqini qaytarmaq...”.
O, hər dəfə koronaviruslu xəstəyə yardım edib ölümün caynağından alanda uşaq kimi sevinir. İnanır ki, gün gələcək, dünyamızı COVID-19 adlanan böyük bəladan qurtaracağıq.
Həkim bildirir: “Tarix boyu xalqları çətin və böhranlı vəziyyətlərdən liderlərin siyasi iradəsi və uzaqgörənliyi xilas edib. Biz dövlət başçısı ilə birlikdə çox çətinliklərdən, sınaqlardan çıxmışıq. Əminəm ki, koronavirusa da qalib gələcəyik. Əlbəttə, yenə də birlikdə. Çünki biz birlikdə güclüyük!”