Kamera vasitəsilə cərimə yazılmayacaq - Rəsmi
Daxili İşlər Nazirliyi Bakı şəhərində karantin postlarını yığışdırandan sonra avtomobil sahiblərinin müşahidə kameraları vasitəsilə cərimələnəcəyini açıqlayıb. Portalda qeydiyyatdan keçən və "SMS icazə" sistemi vasitəsilə icazə alan şəxslərin inteqrasiya olunmuş sistem vasitəsilə müəyyən olunacağı və cərimələnməyəcəyi bildirilib.
Lakin Nazirlər Kabinetinin qərarına görə hüquq-mühafizə orqanlarının əməkdaşları və vəkillər xidməti vəsiqə əsasında hərəkət etdikləri üçün onların nə portalda qeydiyyatı var, nə də "SMS icazə" sistemindən istifadə edirlər. Həmçinin, qanunvericilik karantinlə bağlı tətbiq edilən İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə video müşahidə kameraları vasitəsilə elektron protokol tərtib etməyə icazə vermir.
AzBaku.org Hit.az-a istinadən xəbər verir ki, bunu "Asan Xidmət"in rəhbəri Ülvi Mehdiyev deyib.
O bildirib ki, bu qaydanın tətbiqi yalnız qanunvericiliyə dəyişiklik edildikdən sonra mümkün olacaq: "Avtomobillərin dövlət nömrə nişanının "SMS icazə" sisteminə daxil edilməsi vasitəsi ilə inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi ilə əlaqədar yeni qanun layihəsi hazırlanır. Milli Məclisdə qanunvericiliyə dəyişiklik olarsa, o zaman bu, tətbiq olunacaq. Nazirlər Kabinetinin qərarı ilə xidməti vəsiqə ilə hərəkətinə icazə verilən şəxslərin avtomobillərinə gəlincə, bu məsələnin də qanunvericilikdə texniki həlli əksini tapacaq. Birinci qanun icazə verməlidir ki, kamera vasitəsi cərimə yazıla bilsin. Vəsiqəsi əsasında hərəkət edən insanların kamera vasitəsi ilə cərimələnməməsinin təmin olunması texniki məsələdir, tənzimlənəcək”.
Ü.Mehdiyev qeyd edib ki, iyulun 5-dən vətəndaşlara SMS yazarkən avtomobillərinin dövlət nömrə nişanını da yazsınlar: “Amma cərimə hələ tətbiq olunmayacaq. Bunun üçün qanunvericiliyə dəyişiklik olunmalı və qanun təsdiqlənməlidir".