Gömrükdə necə işləmək olar?

Gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyasının keçirilməsi Qaydası” təsdiq edilib.

AzBaku.ifo Qafqazinfo-ya istinadən xəbər verir ki, qaydaları baş nazir Artur Rasizadə təsdiqləyib.

Attestasiyanın keçirilməsinin əsas məqsədləri kadrların düzgün seçilməsi, yerləşdirilməsi və tərbiyə edilməsi, vəzifəli şəxslərin tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi və digər kriteriyalardır. Attestasiya zamanı hər bir vəzifəli şəxsin işgüzar və mənəvi keyfiyyətlərinin obyektiv qiyməti verilir, tutduğu vəzifəsinə uyğunluğu və onun xidməti istifadəsinin perspektivi müəyyənləşdirilir, xidmətdə irəli çəkilmək və təhsil almağa göndərilmək üçün namizədlərin ehtiyatı müəyyən edilir.

Gömrük orqanlarında hər bir vəzifəli şəxs 5 (beş) ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilir.

Attestasiyanın keçirilməsi qaydasına görə, attestasiya kollegial, obyektiv surətdə keçirilir. Attestasiya komissiyasının tərkibini sədr təsdiq edir.

Attestasiya komissiyasının üzvləri tərəfindən vəzifəli şəxslərə yalnız tutduğu vəzifəyə, vəzifə təlimatına, ixtisasına dair, icra etdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarına və qulluq funksiyalarına aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan vəzifəli şəxslərə onun xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onun siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.

Vəzifəli şəxslər attestasiyadan keçirilərkən, onun bilavasitə rəhbəri attestasiyaya dəvət edilə bilər. Attestasiya komissiyası attestasiyadan keçən vəzifəli şəxslərin fəaliyyəti haqqında onun məlumatını dinləyir və təqdim edilmiş materialları nəzərdən keçirir.

Vəzifəli şəxslərin fəaliyyətinə verilən qiymət və attestasiya komissiyasının tövsiyələri attestasiyadan keçən vəzifəli şəxslərin iştirakı olmadan açıq səsvermə yolu ilə qəbul edilir.

Attestasiya və səsvermə attestasiya komissiyasının üzvlərinin ən azı üçdə iki hissəsinin iştirakı ilə keçirilir. Səsvermənin nəticələri səs çoxluğu ilə müəyyən edilir. Səslər bərabər olduqda, attestasiyadan keçən vəzifəli şəxs tutduğu vəzifəyə uyğun hesab edilir. Attestasiya komissiyasının üzvü olan vəzifəli şəxslər attestasiyadan keçərkən, səsvermədə iştirak etmirlər. Attestasiyanın nəticələri səsvermədən dərhal sonra vəzifəli şəxsə bildirilir.

Attestasiya komissiyasının verdiyi qiymət əsas götürülərək, tövsiyələr nəzərə alınmaqla və qüvvədə olan qanunvericiliyə uyğun olaraq, ayrı-ayrı vəzifəli şəxsin qazandığı müvəffəqiyyətlər müqabilində mükafatlandırılması, irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi, yuxarı vəzifəyə keçirilməsi, xüsusi rütbəsi aşağı salınmış vəzifəli şəxsin ştat üzrə vəzifədən asılı olmayaraq, öz əvvəlki xüsusi rütbəsinə bərpa olunması, xidməti fəaliyyətlə bağlı müvafiq istiqamət üzrə əlavə təhsilə cəlb edilməsi, attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun gəlmədiyi aşkara çıxan vəzifəli şəxsin aşağı vəzifəyə, eləcə də, digər vəzifəyə keçirilməsi və ya tutduğu vəzifədən azad edilməsi haqqında qərarlar sədr tərəfindən qəbul edilir.