Xarici ölkələrdəki azərbaycanlı professorlar: “Qarabağ məsələsi qeyrət, namus, milli şərəf məsələsidir”
Dünyanın nüfuzlu ali təhsil ocaqlarında, elm mərkəzlərində çalışan yüzlərlə azərbaycanlı ziyalı uzun illərdir yorulmadan Azərbaycan həqiqətlərini, ölkəmizin haqlı mövqeyini təbliğ edir, yerli ictimaiyyətin diqqətini Ermənistanın işğalçılıq siyasətinə yönəltməyə çalışır.
Azərbaycanın Tovuz rayonuna Ermənistanın hücumu, hərbi və mülki insanların ölümü, eləcə də müxtəlif ölkələrdə radikal erməni terrorçu qruplarının soydaşlarımıza qarşı təxribatına biganə qalmayan ziyalılarımız Azərbaycanın haqlı tərəf kimi qalib gələcəyinə inanır, ölkənin sərhədlərini qorumaqla yanaşı, informasiya müharibəsində səyləri daha da artırmağı tövsiyə edirlər.
Los-Anceles və Brüssel hadisələri ermənilərin iç üzünü dünyaya tanıtdı
Estoniya Azərbaycan Cəmiyyətinin sədri, Tartu Universitetində Türk bölməsinin rəhbəri Xəqani Qayıblı: “Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı başda Ermənistan və onun arxasında duran havadarları olmaqla, dünya dövlətlərinin hesablaşmağa məcbur olduqları bir gerçəklik də var – ən müasir silah-sursat, texnika və avadanlığa malik olan, maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından dünya miqyasında güclü ordular sırasında dayanan, nizami orduya sahib AZƏRBAYCAN GERÇƏKLİYİ!
Bundan əlavə, hər an Ali Baş Komandanın əmrini gözləyən, dövlətinə, bayrağına, torpağına sahib çıxan, Azərbaycanın ərazi bütövlüyünün bərpasında son damla qanına qədər döyüşməyə hazır olan milyonlarla azərbaycanlı ordusunun varlığı bu gerçəkliyin miqyasını gözlər önünə sərməkdədir.
Son günlərdə Tovuz istiqamətində gedən döyüşlər zamanı bir gecədə minlərlə soydaşımızın ordumuza dəstək mitinqinə qoşulmasından və bir neçə gün ərzində əlli mindən çox gəncin səfərbərliyə üz tutaraq qeydiyyatdan keçməsindən təşvişə düşüb əndişələnən, aqressiv və terrora meyilli təcavüzkar ermənilər öz xislətlərinə xas olaraq, dünyanın müxtəlif şəhərlərində iğtişaşlar törədərək, əsas hədəfi dünya ictmaiyyətinin diqqətindən yayındırmağa çalışsalar da, onların məkrli siyasətinə uymayıb, əzmkarlıq və dözümlülük nümayış etdirərək, dinc aksiyalar keçirən vətənpərvər soydaşlarımızın sayəsində niyyətlərinə nail ola bilmədilər.
Əslində, Los-Ancceles və Brüssel kimi şəhərlərdə soydaşlarımıza qarşı hücum edən radikal erməni qrupları bütün dünyada terror qrupu kimi tanınan ASALA erməni terror təşkilatının simvolu həkk olunmuş köynək geyinməklə iç üzlərini bir daha dünyaya açıb göstərdilər. İnanıram ki, daha çox sülh mərkəzli anlayışla hərəkət edən cəmiyyətlərə rəğbət bəsləyən müasir dünya ictimaiyyəti erməniləri qədərincə tanıya bildi.
Böyük dövlətlərdən fərqli olaraq, Estoniya kimi 1,5 milyon əhalisi olan kiçik cəmiyyətlərdə terror elementlərini özündə ehtiva edən hərəkət və iğtişaşların qarşısı birmənalı olaraq vaxtında, dərhal alınır. Bunun müqabilində auditoriya mərkəzli diskussiyalara yer verilir.
Uzun illərdir yaşadığımız ölkə(lər)də dövlətimizin haqlı mövqeyini, millətimizin üzləşdiyi haqsızlıqları, ümumiyyətlə, Dağlıq Qarabağ həqiqətlərini istər universitet və bənzər elm ocaqlarında, istərsə də başqa uyğun auditoriyalarda, həmçinin müxtəlif media orqanlarında mümkün qədər ictimaiyyətə çatdırmağa çalışırıq.
Hadisələrin lehimizə olan hərəkət istiqamətindən yola çıxaraq, ümid edirəm ki, çox yaxın vaxtlarda dünya dövlətləri Azərbayanın haqlı olduğunu qəbul edəcək və Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin ediləcək. Bunun nəticəsi olaraq, nəhayət, azərbaycanlıların öz tarixi torpaqlarına qovuşacağına inanıram”.
Azərbaycanın qalibiyyətinin ən qısa yolu gənclərimizin yüksək təhsili və uğurundan keçir
Böyük Britaniyanın Kembric Universitetinin professoru Qərib Mürşüdovun fikrincə, Azərbaycanın xaricdə əsas fəaliyyəti informasiya sahəsində olmalıdır: “Bütün fəaliyyətlər qanun çərçivəsində həyata keçirilməlidir.
Qarşı tərəf bu münaqişəyə 100 illərdir hazırlaşır, Azərbaycan isə cəmi 30 ildir. Bu müddətdə Azərbaycanın informasiya müharibəsində gücü artir, amma daha çox işlər görmək lazımdır. Hazırda Azərbaycanın ərazi bütövlüyü üçün mübarizədən əlavə, əsas fəaliyyəti təhsil və bu sahədə uğurlar qazanmaq olmalıdır”.
Azərbaycanlı professor Ermənistanın tarixi “arqumentlər”ini də əsassız hesab edir və müasir dünyada tarixi arqumentlərin işləmədiyini diqqətə çatdırır: “Qarşı tərəfin orta əsrlər düşüncəsi ilə yaşaması və onu təbliğ etməyə çalışması təəccüblüdür. Çünki müasir dünyada tarixi arqumentlərdən istifadə edərək ərazi iddiaları olmamalıdır. Buna yol vermək olmaz.
Tarixi arqument düz olsa da, olmasa da, müasir dünyada işləyə bilməz. Əgər tarixi arqumentlərdən istifadə etsək, onda Amerika və ya Avstraliya yerli əhaliyə qaytarılmalıdır. BMT tərəfindən tanınan sərhədlər saxlanılmalı və hər bir etnik qrupun istənilən ölkədə inkişafına imkanlar yaradılmalıdır. Bu, dünyada gedən prosesdir.
Azərbaycan da bu prosesdə iştirak edir. Hazırda Ermənistanın təcavüzkar siyasəti nəinki Azərbaycanın, bütün Qafqazın inkişafına mane olur. Ən çox ziyan çəkən də Ermənistanın özüdür.
Bunu ermənilərə çatdırmaq lazımdır, erməni xalqı bilməlidir ki, Qafqaz xalqları bir yerdə yaşamalıdır və yaşayacaqlar: Ermənistan ilə bir yerdə və ya onlarsız. Bu, qaçılmaz bir faktdır və bunu erməni xalqına çatdırmaq üçün strateji planlar lazımdır.
Əlbəttə, Azərbaycanın bu münaqişədə haqlı tərəf kimi qalib gələcəyinə inanıram. Bu məqsədə nail olmağın ən qısa yolu Azərbaycan gənclərinin yüksək təhsili və qazandığı uğurlardan keçir. Artıq kifayət qədər uğurlu azərbaycanlıların olması o deməkdir ki, genetik baxımdan Azərbaycan xalqı heç bir millətdən geri qalmır.
Ancaq və ancaq təhsil, elm və texnologiya istiqamətində güclü işlər görülməklə mövcud potensial özünü göstərər. Yadda saxlayaq ki, müasir dünyada əsas müharibə və mübarizə informasiya dünyasındadır. Bu mübarizələrdə uğurlu olmaq üçün təhsil və elm vacibdir!!”
Qarabağ məsələsi qeyrət, namus, milli şərəf məsələsidir
Ukraynalı və Azərbaycanlı Ziyalılar Assambleyasının sədri, tarix elmlər doktoru, professor Fərhad Turanlı bildirir ki, Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqlarının tamamilə azad olunmasına və tam qələbə əldə edilməsinə qədər çevik hücumları bərpa etmək vacib şərtdir!
Ermənistan ordusunun birləşmələrinin COVID-19 yoluxucu xəstəliyini nəzərə almadan, mütəmadi olaraq, o cümlədən iyulun 12-13-də Azərbaycanın kənd və şəhərlərini şiddətli atəşə tutmaları, ordumuzun bir generalını, digər yüksək rütbəli zabitlərimizi və sıravi əsgərlərimizi öldürmələri, Azərbaycan diaspor təşkilatlarının ordumuza dəstək məqsədilə təşkil etdikləri mitinqlərə və diplomatik təmsilçiliklərimizə qarşı təxribat törətmələri, şəhidlərimizi təhqir etmələri cavabsız qalmamalıdır:
“Dünya tarixində müharibələrin gedişatını təhlil edərək, qəti şəkildə qeyd edirəm ki, beynəlxalq münasibətlərdəki və ölkəmizdəki mövcud vəziyyəti də nəzərə alaraq, ordumuz işğal olunan torpağlarımızı azad edərək Naxçıvanla quru ərazimizi birləşdirməlidir.
Qarabağ məsələsi qeyrət, namus, milli şərəf məsələsidir. Qarabağ ulu Azərbaycan türk millətinin anasıdır. Ey Böyük Azərbaycan Xalqı! Gec qalma, qalx ayağa, düşün, mərd və MÜBARİZ ol!
Azərbaycan Konstitusiyasına istinadən, xalqın iradəsinə əsaslanaraq ordumuz ölkəmizin ərazi bütövlüyünün bərpası üçün hücuma başlayaraq, tam qələbə çalmalıdır! Dərhal hücumlara başlanılmasını Azərbaycan ordusunun Ali Baş Komandanından xahiş edir, ordumuza qələbə arzulayıram!”