Cənab Ramiz Ənvəroviçə Açıq Məktub

Cənab Ramiz Ənvəroviçə Açıq Məktub

















Cənab Ənvəroviç Moskva, Tehran, Yerevandan başqa dünyanın hər yerində sizinlə məhkəmədə üzləşməyə hazıram. Sizdə hazırsınızmı?
Çox titullu Ramiz Ənvəroviç son bəyanatınızla çıxış edərək, Turan Partiyası Başqanı olaraq məni və bir sıra millət vəkillərini, KİV rəhbərlərini, partiya sədrlərini açıq şəkildə hədələyərək yazırsınız:
"Qərəzli uydurmalar səsləndirən şəxslər bilməmiş deyillər ki, sübut olmadan atılan böhtanlar və edilən təhqirlər hüquqi məsuliyyət yaradır. ...Bu baxımdan bir vətəndaş kimi öz şərəf və ləyaqətimi məhkəmədə qorumaq hüququnu özümdə saxlayıram”.
Rsmiz Ənvəroviç, bu yerdə siz haqlısınız. Azerbaycan huquq dövlətidir ve hər bir şəxsin o cümlədən sizin, bizim, hər kəsin huququ qanunlarla qorunmalıdır.
Siz yazaraq davam edirsiniz:
“Mənə riyakarcasına böhtan atan və təhqir edən millət vəkilləri Fəzail Ağamalı, Məlahət İbrahimqızı, Səməd Seyidov, Adil Əliyev, Musa Qasımlı, Qənirə Paşayeva, Elman Nəsirov, Hikmət Babaoğlu, Eldar Quliyev, Ülvi Quliyev, Hicran Hüseynova, Cavid Osmanov, Şahin İsmayılov, Malik Həsənov, Sevinc Hüseynova, Siyavuş Novruzov, siyasi politoloqlar Eldar Namazov, Elxan Şahinoğlu, Elçin Mirzəbəyli, keçmiş məmurlardan Hacıbala Abutalıbov, Abid Şərifov, Maksim Musayev, partiya rəhbərlərindən “Ağ partiya”nın sədri Tural Abbaslı, AMİP sədri Arzuxan Əlizadə, “Böyük Azərbaycan partiyası”nın sədri Elşad Musayev, “Turan” partiyasının başqanı Cahandar Bayoğlu, qəzet redaktorları Rauf Arifoğlu, Bəxtiyar Sadıqov və Sərdar Cəlaloğlu ("Hürriyyət" qəzetinin təsisçisidir-Red.) unutmasınlar ki, proseslərin belə davam edəcəyi təqdirdə mən xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək hüququmdan hər an istifadə edə bilərəm".
Öncə onu deyim ki, edərəm yox, həmən etməniz lazım. Yazınızın bu hissəsində sizə yaxınlığı ilə seçilən Siyavuş Novruzov və bir çoxlarının adı ilə bizlərin adımızı bir yerdə çəkməyiniz doğru olmamışdır. Axı Siyavuş Novruzov kimi çoxları sizə o qədər sədaqətli olublar ki, hətta ailəlikçə karyeralarını sizin yolunuzda qurban veriblər. Tək günahları, bir cümləylə sizin Prezidentin adı ilə dolandırıcılıq edərək onları toya çağırtmanızı etiraf etmələri olub. Bu adlar içərisində elələri var ki, sizə qarşı sərt bir söz işlətməyiblər, sadəcə dostcasına kileylənib “Ay Ənvəroviç sakit otur, ağıllı ol, bizi də cəncələ salma” demək istəyiblər. Məncə Siyavuş Novruzov kimi çoxlarına məsaj vermek istəmisiniz ki, əleyhimdə bir kəlmə söz belə deyən “çörək yedirtdiklərimi” bağışlamayacam.
Daha sonra yazırsınız:
"Mən keçmişimdən və bu günümdən arxayınam. Dünənimlə üzləşməyə həmişə hazıram, bu günüm isə hər kəsin gözü qarşısındadır. Ünvanıma ittihamlar səsləndirənlərin çoxundan fərqli olaraq ömrüm boyu ancaq bir əqidəyə qulluq etmişəm və bununla da qürur duyuram! Bundan sonra da heç kəs məni tutduğum yoldan döndərə bilməz! Bəs görəsən məni ittiham edənlərdə necə, eyni arxayınlıq varmı? Onlar dünən dediklərinə bu gün və sabah eyni əminliklə imza ata biləcəklərmi?"
Görünür burada daha çox tabeçiliyinizdə olub sizə işləyənlərə, seçdirdiklərinizə, təyin etdirdiklərinizə daş atmısınız. Onlara məsaj vermisiniz ki, ağıllı olun dövlətin deyil, dövlətə meydan oxuyan mənim yanımda bir üzlü olun, deməklə çox ciddi mətləblərə toxunmaq istəmisiniz. Siz, keçmişim və bir əqidə söhbətində, kommunist partiyasına, sovet imperiyasına sədaqət andından danşmağınıza şübhələri gecləndirmisiniz. Məhz keçmişinizə belə sədaqətli olmağınızla müstəqilliyimizlə bağlaşmırsınız, milli iradəmizə, dövlətçiliyimizə yadsınız və bizlərə də tərssiniz.
Ramiz Ənvəroviç bu gün mövqeyini gizlədən, əslində sizə həmrəylik məsajı verən müxalifətlə bağlı yazırsınız:
"Bu qarayaxma kampaniyası göstərdi ki, həqiqi müxalifətin bir siması olduğu halda, özünü iqtidara loyal göstərən bəzi millət vəkillərinin, keçmiş məmurların, jurnalistlərin lazım gəldikdə bir neçə siması ola bilirmiş".
Ramiz Ənvəroviç həmişə təhqir etdirdiyin, parçaladığın, yollarını türmələrə saldırdığn müxalifəti bir simalı olan, həqiqi müxalifət adlandırıb iş birliyinə işarə edirsiniz. Prezidenti müdafiə edənlərə də çoxüzlü deyirsiniz.
Cənab Ənvəroviç ən sonda əsl niyətinizi açaraq yazırsınız:
"Belə çirkin oyunların alətinə çevrilənlər nəzərə alsınlar ki, onlar öz çıxışlarında tez-tez Rusiyanın adını hallandırmaqla ilk növbədə müstəqil dövlətimiz üçün ciddi problemlər yaradırlar. Onlar faktiki olaraq Rusiyanı ölkəmizin idarəetmə strukturlarında böyük casus şəbəkəsi formalaşdırmaqda ittiham edir, bununla da Moskvadakı bəzi maraqlı dairələrə Azərbaycanı təxribata çəkməyə bəhanə verirlər. Belə məsuliyyətsiz və təhlükəli oyunlardan çəkinmək lazımdır. Öz xalqının gələcəyini, vətəninin sabitliyini və rifahını düşünən heç bir azərbaycanlı belə işlərə qol qoymamalıdır. Hər kəs verdiyi bəyanatın məna tutumu, onun yaradacağı effekt və doğuracağı təhlükəli problemlər haqqında düşünməlidir. Xüsusilə də Azərbaycanın yerləşdiyi bölgənin geosiyasi həssaslığını nəzərə alsaq, ölkəmizdə verilən bütün siyasi bəyanatlar yüz ölçülüb bir biçilməlidir".
Bax burada daha çox məni və mənim kimi düşünən dostlarımızı nəzərdə tutub ermenilərlə birlik olub Qarabağımızı torpaqlarımızı işğal edən Moskva və Tehranla işiniz olmasın deyirsiniz. Bəli xoruzun quyruğu burada görünür.
Məhz, Moskva-Yerevan-Tehran maraqlarını qoruduğunuz üçün biz sizə müstəqilliyimizə qarşı olduğunuzu deyirik. Siz hamıdan gözəl bilirsiniz ki, erməni biznən savaşa bilməz, torpaqlarımızı işğal ede bilməz. Bunu eden Moskva-Tehran cütlüyü və avropadakı havadarlarıdı. Sizdə onların qoruyucusu.
Cənab Ənvəroviç sizə olan yazılarımın birində “Toy” etdiyiniz günün 22 avqust olduğunu bir neçe ifadələrimin yanlış olduğunu qəbul edib, mahiyətinin doğru olduğunu təkrarlayıram.
Cənab Ənvəroviç, oxucular üçün yorucu olmasın deyə aşağıdakı bir neçə suala cavab vermenizi istəyirəm.
1. Komunist Partiyasının üzvülük biletini qoryursunuzmu?
2. Sovetlər imperiyasına yaxın bir Moskva imperiyasının olacağına inanırsınızmı?
3. Vəzifədə olduğunuz dönəmdə bir dəfəfə də olsun Türkiyəyə səfər etdinizmi?
4. Aprel döyüşlərində mövqeyinizi ve rolunuzu açıqlaya bilərsinizmi?
5.İcra başçıları, iri ranqlı məmurların həbs olunma prosesi və sizində onlarla birlkdə həbs olunacağınız xəbərləri ilə Tovuza erməni adı altında olan hücumun arasında bağlılıq varmı?
6. “Toy” günü və gül çiçəklə qarşılanan Rusiya Hərbi gəmilərinin Bakıya gəlməsinin eyni günə düşməsində bir bağlılıq varmı?
7. Sizin son təhdid Bəyanatınızla Rusiyalı Nazir Şoyqunun Bakıya gəlişinin eyni gündə olması nələrə işarədi?
Bəli, cənab Ənvəroviç Moskva, Tehran, Yerevandan başqa dünyanın hər yerində sizinlə məhkəmədə üzləşməyə hazıram. Sizdə hazırsınızmı?
Sayğılarla
Cahandar BAYOĞLU
Turan Partiyası G.Başqanı