Azərbaycanda torpaq sürüşməsi: Evlər uçmaq təhlükəsi qarşısındadır - VİDEO

Azərbaycanda torpaq sürüşməsi: Evlər uçmaq təhlükəsi qarşısındadır - VİDEO












Ağstafa rayonunun Köçəskər kəndində dərinliyi 15 metrə çatan çuxur yaşayış evlərinin bir addımlığına yaxınlaşıb.

Baku TV xəbər verir ki, kəndin “Acı Dərə” adlanan ərazisində torpaq sürüşməsi aktivləşib.

Nəticədə, dərin çatlar və yarğanlar əmələ gəlib. Vəziyyət o qədər təhlükəli həddə çatıb ki, artıq 15 ev uçmaq təhlükəsi ilə üz-üzə qalıb.

Sakinlər bildirirlər ki, evlərinə rahat gedib-gələ bilmirlər. Gün ərzində bu təhlükəli ərazidən uşaqlı-böyüklü bütün kənd sakinləri istifadə etmək məcburiyyətindədir.

Ərazidən qaz və elektrik xətlərinin keçməsi isə problemi daha da ağırlaşdırır. Təhlükənin böyüməsinin başlıca səbəblərindən biri torpaq qatının altından qrunt sularının keçməsidir.

Ağstafa Rayon İcra Hakimiyyətinin rəsmisi Şükran Hacıyev Baku TV-yə bildirib ki, aidiyyəti qurumlara məlumatlar verilib, sürüşmənin qarşısını almaq üçün yaxın vaxtlarda müvafiq işlərə başlanacaq.