Məktəbdəki kadr sıxlığı hesaba alınmadan müəllimlərin əmək müqaviləsi müddəti uzadılır - RƏSMİ
İstisna deyil ki, məktəbdəki kadr sıxlığı, müəllimlərin qənaətbəxş olmayan nailiyyətləri və akademik göstəriciləri hesaba alınmadan əmək müqaviləsinin müddəti uzadılır.
Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.
Onun sözlərinə görə, əmək müqaviləsinin müddətinin bu formada uzadılması haqlı olaraq, digərlərində narazılıq yaradır və “ümumi ədalət” prinsiplərini müzakirə predmetinə çevirir.
M. Camalzadə qeyd edir ki, əsas məsələlərdən biri bəzən əmək müqavilələrinin ləğvi zamanı mənəvi amillərin yaddan çıxarılmasıdır:
“Nəzərə almalıyıq ki, həyatını bu sənətə həsr etmiş müəllimlərimiz var. Hüquqi əsasımızın nə olmasından asılı olmayaraq, məktəbdən uzaqlaşmaq həmin insanlar üçün ağırdır. Amma bu psixoloji travmanı azaltmaq üçün biz nəsə edə bilərik. Həmin insanları təntənəli şəkildə yola sala bilərik. Onların ünvanına biz, kollektivin digər üzvləri və şagirdlər xoş sözlər deyə bilərlər. Əminəm ki, bu tədbirin təşkilində tərbiyə işləri üzrə direktor müavinlərimiz də öz köməyini əsirgəməyəcək. Həmin tədbiri məktəblərimizin sosial hesablarında işıqlandıra da bilərik. Hətta sosial şəraitimiz imkan verərsə, balaca bir gül buketi də təşkil edə bilərik”.
Bizimlə əlaqə saxlayın