“O rayonların deputatları niyə istefa vermir?” – Partiya sədri
“Həbs edilən icra baçılarıın sayı artır, amma o rayonların deputatları hələ də istefanı özlərinə borc bilmir. İcra başçısı həbs edilən rayonları təmsil edən deputatlar, məncə, könüllü istefa verməlidirlər və yenidən seçkiyə qatılmalıdırlar”.
AzBaku.org xəbər verir ki, bunu REAL sədri İlqar Məmmədov deyib. Sədr bunun səbəblərini belə açıqlayıb:
“Birincisi, əgər prokurorluq onları bu qədər aşkar cinayətlərin törədilməsində şübhəli bilirsə və sən deputat olaraq indiyədək buna yaxın bir mövzuda ictimai çıxışlar etməmisənsə, istefa – sənin üzərinə düşən bir siyasi borcdur. İstefa ver, rayonda təzədən seçki keçirilsin. Yerli camaat səni haqlı bilərsə, deputat işini davam et.
İkincisi, ötən parlament seçkiləri haqda ATƏT-in yaydığı rəydə birbaşa deyilir ki, bir sıra yerli dövlət qurumları namizədlərə qanunsuz təzyiqlər göstərirdi və nəticədə onlar öz namizədliklərini geri götürürdülər. Bunu məhz hansı icra başçılarının etdiyini yazmasalar da, kriminal şəbəkə qurmaqda şübhəli bilinən icra başçıları şübhələnəcəyimiz bir nömrəli şəxslər olmalıdır. Beləliklə, həmin dairələrə aid deputatların üzərində istefa ikiqat siyasi borc kimi durur”.