Müəllimlərin işə qəbul imtahanında kuryoz sual: Qanpoladın paltarı hansı rəngdə idi?
İki həftədən artıqdır ki, müəllimlərin işə qəbulu imtahanı keçirilir. İmtahanlarda düşən suallar , vakansiyaların azlığı artıq hamıya məlumdur.
Təqdim olunan vakanant yerlərdə Bakının bütün rayonlarında yerləşən məktəblərin siyahısı olmur. Dəfələrlə buna şahid olmuşam.Direktorlar vakant yerləri niyə gizlədir və buna kim şərait yaradır?
Təhsil sektorunda olanlar mənim dediklərimlə yaxşı tanışdırlar. İmtahanın nəticələrindən çox az sayda müəllimin razılığı olur. Çox güman hörmətli cənab nazir bu məsələyə geniş diqqət ayırar. Alp.az xəbər verir ki, bu dəfə jurnalist Savalan Talıblı müəllimlərin işə qəbul imtahanıyla bağlı iradlarını yazıb. Jurnalist sosial şəbəkədən Təhsil Nazirliyinə, Dövlət İmtahan Mərkəzinə səslənərək tərtib edilən sualların biabırçı şəkildə olduğunu irad bildirib. Həmin statisi olduğu kimi təqdim edirik:
Bu günlərdə müəllimlərin işə qəbulu imtahanında düşən bir sual sözün əsl mənasında məni narahat etdi. Sualda deyilir: Hüseyn Cavidin “Ana” əsərində Qanpolad həbsxanadan çıxıb evə gələndə hansı rəngdə paltar geyinmişdi və materialı nə idi?
Bu sualı tərtib edən adama əvvala izah etmək lazımdır ki, sualda olan Qanpolad tarixi hadisə deyil və tarixdə də adı keçmir ki, onu real həyatda kimsə görsün. Paltarının rəngini və ya materialını yadında saxlayıb gələcək nəsilə ötürsün. Qanpolad bədii əsərin obrazıdır.Onun paltarı da , paltarının rəngi də yazıçının bədii təxəyyül məhsuludur. Bu sualdan belə başa düşülür ki, sualı tərtib edən şəxs ya müəlliflə ya da müəllim olmaq istəyənlərlə sözün əsl mənasında məzələnir.
Çox güman Azərbaycan Respublikası Təhsil Nazirliyi daha ciddi , daha savadlı müəllimlərin təcrübəsindən istifadə edib imtahanlar üçün sanballı suallar tərtib edər. Hər halda bizə ancaq ümid etmək qalır.
Yeri gəlmişkən onu da deyim ki, bu günlərdə imtahan verən müəllimlərdən biri də intihar edib.
Müəllimin intihar etməsi cəmiyyət üçün çox ağır mesajdır.