Azərbaycan universitetləri əməkdaşlığa başlayır
Ölkəmizdə ali təhsilin müasir tələblərə, xüsusilə Avropa təhsil sisteminin mövcud qaydalarına cavab verməsini təmin etmək məqsədilə bir sıra universitetlər arasında real əməkdaşlıq prosesinə təkan verilmişdir. Bakı Avrasiya Universiteti (BAAU) də bu innovativ proqramda iştirak edir.
Belə ki, BAAU-nun Elmi işləri üzrə prorektoru, professor Gülzar İbrahimova, və Tərcümə kafedrasının müdiri, dosent Sevda Rzayeva “Azərbaycanda Rektorlar Konfransı” (ECAR) yaradılması layihəsi çərçivəsində keçirilən tədbirdə iştirak ediblər. Tədbir layihənin koordinatoru olan Bakı Biznes Universitetində baş tutub. Görüş zamanı prorektorlarla müsahibə də təşkil edilib.
Layihənin əsas məqsədi universitetlər və digər tərəfdaşlar arasında sıx əməkdaşlığın qurulmasına, inkişaf etdirilməsinə nail olmaqdır. ECAR təhsilin beynəlmilliləşməsinə, rəqəmsal və innovativ iqtisadiyyatda ali təhsil müəssisələrinin rolunun artırılmasına, eyni zamanda, universitetlərin beynəlxalq aləmdə təmsil olunmasına zəmin yaradılmasına, onların rəqabət qabiliyyətinin yüksəldilməsinə əsaslı dəstək verməyi hədəfləyib.
Layihə çərçivəsində universitet rəhbərləri, akademik heyət, tələbələr, məzunlar, əmək bazarı nümayəndələri arasında geniş tədqiqat aparılıb və bu tədqiqat nəticəsində ali təhsil müəssisələri arasında olan münasibətlər, təhsildə yaranan problemlər və digər məsələlər müəyyənləşdirilib.
2021-2024-cü illəri əhatə edən ECAR layihəsi Avropa Birliyi tərəfindən maliyyələşdirilən Erasmus+ KA2- potensialın artırılması layihəsidir.