Universitetlər gördükləri işlərin birgə monitorinqini aparıblar

Universitetlər gördükləri işlərin birgə monitorinqini aparıblar







Azərbaycanda ali təhsilin keyfiyyətinin yaxşılaşdırılması, Avropa təhsil sisteminə inteqrasiyası və Boloniya prosesinin effektiv şəkildə tətbiqini özündə ehtiva edən Erasmus+KA2 layihəsi çərçivəsində universitetlərin əməkdaşlığı davam etməkdədir. Belə ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən Erasmus+KA2 proqramı çərçivəsində “Azərbaycanda rektorlar konfransının yaradılması” (ECAR) layihəsinin monitorinqi aparılıb.
Monitorinq Azərbaycan Milli Erasmus+ ofisinin direktoru Pərviz Bağırovun rəhbərliyi ilə keçirilib. P.Bağırov həyata keçirilən hər bir fəaliyyətlə bağlı əldə olunan nəticələr və onun effektiv təsirlərini diqqət mərkəzinə gətirib.
Monitorinqdə Bakı Avrasiya Universitetini layihənin meneceri, dosent Sevda Rzayeva təmsil edib. O indiyədək layihə çərçivəsində Universitetdə görülən işlərlə bağlı məlumat verib. Rektorlar konfransının yaradılması və təhsil sistemində Avropa dəyərlərinin tətbiqi sahəsində həyata keçirilən işlərdən danışıb.
Layihənin koordinatoru Bakı Biznes Universitetinin nümayəndəsi Gülşən Bayramova çıxışı zamanı layihənin uğurla icra edildiyini bildirib. Layihəyə qoşulan Azərbaycan universitetlərinin üzərlərinə düşən vəzifələrin öhdəsindən gəldiyini vurğulayıb.
Tədbirdə həmçinin mövcud pandemiya şəraitində yaranan çətinliklər, qarşıya çıxan risklər və onların həlli yolları ilə bağlı da fikir mübadiləsi aparılıb. İştirakçılar nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi üçün qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsini vacib hesab etdiklərini bildiriblər.