Vətən mənə oğul desə nə dərdim...
Birinci Qarabağ müharibəsi nəticəsində öz torpaqlarının 20 faizini itirən Azərbaycan dövləti BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan qərarlarının icra olunması üçün müxtəlif beynəlxalq qurumlarla uzunmüddətli diplomatik danışıqlar apardı. Bununla yanaşı, Azərbaycan region ölkələrinin də münaqişənin həlli istiqamətindəki təşəbbüslərinə hörmətlə yanaşırdı.
2020-ci ilin iyul ayında ermənilər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində, avqust ayında isə təmas xəttinin Goranboy rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərmiş, lakin görülən tədbirlər nəticəsində diversiya qrupu itki verərək geri çəkilmiş və qrupun komandiri baş leytenant Qurgin Alberyan əsir götürülmüşdür.
Birbaşa hərbi təxribatlarla yanaşı, Ermənistan tərəfindən beynəlxalq hüquqi prinsiplərə zidd olaraq, Azərbaycan Respublikasının işğal altındakı ərazilərinə çox sayda YPG, PKK terrorçularının, o cümlədən minlərlə Livan ermənilərinin köçürülməsi münaqişəni daha da alovlandırdı. 2020-ci ilin avqust ayının sonlarında Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Hakobyanın Azərbaycanın işğal altındakı ərazilərində qeyri-leqal olaraq təşkil olunmuş hərbi təlimdə iştirakını ictimailəşdirməsi ilə gərginlik pik həddə çatdı. Lakin uzun illər ərzində aparılan sülh danışıqları nəticəsiz idi.
25 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformat çıxışında Ermənistanın son təxribatları nəticəsində azərbaycanlı hərbçilərin və mülki vətəndaşın həlak olması, habelə mülki infrastruktura vurulan ciddi ziyan qeyd olunmuşdur. O cümlədən, Azərbaycan Prezidenti iyulun 17-dən etibarən sentyabr ayına qədər hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşındığını bildirmişdir.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq beynəlxalq normalara əsasən əks-hücum əməliyyatı üçün əmr verən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində dedi: “Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?!”
Azərbaycan Ordusunun sarsıdıcı zərbələri qarşısında duruş gətirə bilməyən işğalçı ölkənin ordusunun müdafiə səddi qısa zaman ərzində yarıldı. Başlanğıcda bir sıra kəndləri və strateji yüksəklikləri işğaldan azad edən ordumuz 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhərini işğaldan azad etdi. Döyüşlərin gedişi zamanı ümumilikdə uzun illər işğal altında olmuş 300-dək yaşayış məntəqəsi, o cümlədən Tərtər, Xocavənd, Xocalı rayonlarının böyük bir hissəsi döyüş meydanında azad edildi. Bu Qələbələr seriyasının ən möhtəşəmi isə ordumuz dünya hərb tarixinə yeni döyüş taktikası yazdığı Şuşa şəhərindən erməniləri məşhur ifadə ilə desək, iti qovan kimi qovması oldu. Bu xəbəri möhtərəm Prezidentimiz İlham Əliyev cənabları müqəddəs bir məkandan - Şəhidlər xiyabanından xalqa çatdırdı: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır”.
Müzəffər Ali Baş Komandan əzmkar vətəndaşı, qalib ordusu ilə vəhdət təşkil edib, açıq və gizli düşmənləri üzərində, dünya hərb tarixini lərzəyə gətirən, möhtəşəm qələbə qazandı. Bəs biz bu qələbənin harasında idik?
Biz həmişə olduğu kimi, bir diaspora təşkilatı olaraq, Prezidentimizin və ordumuzun yanında, bütün növ təxribatları və informasiya blokadasının qarşısını almaq məqsədilə əməli fəaliyyətdə idik.
30 ilə yaxın bir müddətdə işğal olunan torpaqlarda qurulmuş, “qürurla” qeyd etdikləri mühəndis istehkam qurğularını və düşmənin müdafiə xəttini qısa bir zaman kəsiyində darmadağın edərək möhtəşəm qələbə qazanmış qalib ordunun müzəfər Ali Baş komandanı, Ölkə prezidenti İlham Əliyev cənablarının haqq işini dünya içtimaiyyətinə çatdırılmasında, Vətənimizdən kifayət qədər uzaqlarda, xarici dövlətlərdə fəaliyyət göstərən Diaspor təşkilatlarının rolu danılmazdır desək yanılmarıq.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, başda Komitənin sədri cənab Fuad Muradov olmaqla Komitənin hər bir əməkdaşı öz vəzifələrinə məsuliyyətlə yanaşaraq Prezident-xalq-ordu birliyinin möhtəşəm siyasətini, bütün blokadaları mətinliklə yararaq dünya ictimaiyyətinə çatdıra bildilər...
Azərbaycan Respublikası Prezidentinin həm daxili, həm də xarici siyasətindən irəli gələn vəzifələri vahid komanda şəklində yerinə yetirən təşkilatının bəzi əməkdaşları “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə və bir çoxları da “Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması və 2020-ci ildə diaspora quruculuğu işlərində göstərdiyi xüsusi fəallığa görə” təşəkkürnamələrlə təltif olundular.
Bu yerdə dahi şairimiz Məmməd Arazın təbirincə:
Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim.
Komitənin sədri cənab Fuad Muradova və əməyi keçən hər bir kəsə minnətdarlığımızı bildiririk.