ABŞ Prezidenti Co Bayden Rusiyanın Ukraynada atəşkəs elan etməsinə münasibət bildirib.
O, jurnalistin sualına cavab olaraq Rusiya Prezidenti Vladimir Putinin atəşkəs istədiyinə inanmadığını vurğulayıb.
"Mən Putinin dediklərinə cavab vermək istəmirəm. Maraqlıdır ki, o, xəstəxanaları, uşaq bağçalarını və kilsələri bombalamağa hazır idi... Dekabrın 25-də və Yeni ildə... Məncə, o, bir az oksigen tapmağa çalışır", - Amerika lideri deyib.
Xatırladaq ki, bu gün Prezident Vladimir Putin Rusiya müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün cəbhəboyu atəşin dayandırılması barədə göstəriş verib. Milad bayramı ilə əlaqədar elan edilən atəşkəs rejimi yanvarın 6-ı yerli vaxtla saat 12:00-dan yanvarın 7-i saat 00:00-a qədər qüvvədə olacaq.