Deputat töhmət alan müəllimin müdafiəsinə qalxdı: YARAMAZLIQDIR!

“İmişli rayonu Aranlı kənd məktəbinin müəlliməsi bir neçə gün öncə sosial şəbəkədə həyəcan təbili çalıb ki, təhsil ocağında ayaqyolu bərbad vəziyyətdə olduğundan azyaşlı uşaqlar əziyyət çəkir. Bu səbəbdən də onların məktəbə gəlməsini məqbul saymayıb. Həmin müəllimə bu yolla çox vacib bir problemi ictimailəşdirib. Doğrudan da, öz uşağınızı təsəvvür edin, belə bir məktəbə necə rahatlıqla gedə bilər?”.

Bunu Milli Məclisin deputatı Fazil Mustafa təhsil ocağındakı problemi ictimailəşdirən müəlimi müdafiə edərkən deyib. O, həmin müəllimin cazalandırılmasını yaramazlıq adlandırıb:

“Bu cəsur və qeyrətli müəlliməyə əhsən! Sağ ol, Azərbaycanın ləyaqətli və övladlarımızın taleyinə biganə qalmayan müəlliməsi! Sənə töhmət verən yaramazlardan qətiyyən qorxma, ver məhkəməyə, hüquqi müdafiəniz üçün nə lazımsa şəxsi vəsaitim hesabına bütün dəstəyi verəcəyəm. Bir də danışın, kəndin nüfuzlu və dürüst adamlarından bir neçəsi qabağa düşsün, o məktəbin tualetinin tikintisi üçün tanıdığım imkanlı adamlara müraciət edəcəyəm ki, yardım etsin. Öz maaşımdan da bu tikintiyə yardım edəcəyəm. Təcili bu problem həll olunmalıdır. Təki Azərbaycan övladları təhsildə ger qalmasınlar”.


Fazil Mustafa xatırladıb ki, əvvəllər də belə bir hadisə baş verib və o zaman da müəllimin müdafiəsinə qalxmışdı. Millət vəkili budəfəki hadisə ilə əlaqədar təhsil naziri Emin Əmrullayevə müraciət edib.
 
“Bir dəfə də orta məktəb müəlliminə uşaqların qeyri-etik davranışına görə töhmət verilmişdi, o zaman da bunun yanlış oldğunu söyləmiş və həmin müəlliməni müdafiə etmişdim. Hörmətli elm və təhsil naziri Emin müəllimə müraciət edirəm, müəllimə qarşı bu təzyiq formasını şəxsən araşdırıb, lazımi tədbir görsün. Müəllim təhsilin keyfiyyətinə mane olan problemi ictimailəşdirib, ona təşəkkür etmək yerinə, utanmadan töhmət verilir. Müəllimləri belə rahat və keyfi şəkildə əzmək, gözüqıpıq duruma salmaq yolverilməzdir. O müəllimi tanımıram, adını da bilmirəm, ancaq MÜƏLLİMin kim olduğunu və hansı dəyərə sahib olduğunu şükürlər olsun ki, yaxşı bilirəm”,  - deyə Fazil Mustafa qeyd edib.
Millət vəkili artıq məsələ ilə bağlı aidiyyatı şəxslərlə danışıqlara başladığını da əlavə edib.

Xatırladaq ki, İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində işləyən Leyla müəllimə dərsi boykot edərək, ayaqyolu tikilənə qədər şagirdlərdən də məktəbə gəlməmələrini istəyib. Sözügedən görüntülər sosial şəbəkələrdə böyük ajiotaj yaradıb.
Məktəbin direktoru isə problemi həll etmək əvəzinə müəllimə töhmət verib.
Bundan sonra mətbuata açıqlama verən müəllim deyib ki, belə haqsız töhmətlər onu qətiyyən qorxutmur...
 (modern)