Elm və təhsil nazirinin müşaviri İmişlidə sanitar qovşaq problemi olan məktəbə gedib - FOTO

Elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov, nazirlik yanında İctimai Şuranın sədri Günel Səfərova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin nümayəndələri İmişli rayonu Aranlı kənd 1 nömrəli tam orta məktəbində olublar.
Bu barədə nazirliyin Mətbuat Xidmətindən məlumat verilib.
Məktəbdə mövcud şəraitlə yaxından tanış olan qonaqlar məktəb kollektivi və valideynlərlə görüşüb, onlarla səmimi söhbət aparıblar.
Nazirin müşaviri Elnur Nəsibov son günlər sözügedən məktəblə bağlı gündəmə gələn məsələyə diqqət çəkərək bildirib ki, Elm və Təhsil Nazirliyi vətəndaşların, eləcə də müəllimlərin, şagirdlərin müraciət və problemlərini hər an dinləməyə hazırdır və bu məsələlərə xüsusi həssaslıqla yanaşaraq onların çevik həllinə çalışır. Məktəbdə sağlam pedaqoji mühitin mövcudluğunun əsas şərtlərdən biri olduğunu vurğulayan E.Nəsibov məhz belə mühitin təhsil müəssisəsinin göstəricilərinin daha da yaxşılaşmasına və onun inkişafına şərait yaratdığını bildirib. Məktəb infrastrukturunun yenidən qurulması istiqamətində görülən işləri diqqətə çatdıran nazirin müşaviri Mil-Muğan regionundakı qəzalı vəziyyətdə olan məktəblərin yenidən tikintisi və ya əsaslı təmiri ilə bağlı işlərin davamlı olaraq həyata keçiriləcəyini bildirib.
E.Nəsibov həmçinin qəzalı vəziyyətdə olan Aranlı kənd 1 nömrəli tam orta məktəbi üçün cari ildə yeni tədris binasının layihələndirmə işlərinə başlanılacağını vurğulayıb.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova təmsil etdiyi qurumun vətəndaşları dinləməyə hər zaman açıq olduğunu və bu kimi məsələlərin xüsusi diqqətdə saxlanıldığını əlavə edib.
Daha sonra kollektivin, eləcə də valideynlərin şikayət və təklifləri dinlənilib, bu məsələlərin həlli yönündə müvafiq işlərin aparılacağı qeyd edilib.